Vətən müharibəsinin şəhidi, kapitan İsmayılov Elçin Mübariz oğlu doğum günündə anıldı
30 may 2022 | 11:30
Bu gün Vətən müharibəsinin şəhidi, kapitan İsmayılov Elçin Mübariz oğlunun doğum günüdür.
Şəhidimizin doğum günü münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, RİHB-nin birinci müavini Rəşad Hacıyev, RİHBA-nın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elmar Hüseynov, Şəhid ataları Əli Qasımov, Mürvət Əsgərov onun ailəsinə baş çəkərək ruhunu ehtiramla yad etmişlər.
RİH başçısı Əziz Əzizov ailənin qayğıları ilə maraqlanmış və bildirmişdir ki, Şəhidlik adı ölüm deyil, Vətən, Torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Vətən oğullarımızın mərdliyi və mətinliyi 44 günlük müharibədə özünü daha bariz şəkildə göstərdi. RİH başçısı qeyd etmişdir ki, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında qazandığımız tarixi qələbə sayəsində vaxtı ilə işğal altında olan, düşmən tərəfindən viran edilən torpaqlarımızda bu gün həyat yenidən canlanır, həmin ərazilərə öz yurd-yuvasından didərgin düşmüş məcburi köçkünlərimizin qayıtması üçün hərtərəfli şərait yaradılır.