Suraxanı rayonunda şəhidlərin anım günü qeyd olundu
19 oktyabr 2022 | 11:36
Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülən şəhid Əliyev Elvin Bəhruz oğlunun, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülən Şəhid Məmmədov Dostəli Seymur oğlunun, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülən şəhid Babayev Əmirxan Mirilham oğlunun anım günləri qeyd olunub.
Anım günləri ilə əlaqədar Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Rayon Ağsaqqallar Şurasının sədri Arif Babayev, RİHB-nin müavinləri və şöbə müdirləri, şəhid ailələri və qazilərlə birgə Yeni Suraxanı qəsəbəsindəki Şəhidlər Xiyabanında uyuyan şəhidlərimizin məzarlarını ziyarət edib, vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsini ehtiramla anaraq ruhlarına dualar oxuyub, məzarları üzərinə tər çiçəklər düzüblər.
Şəhidlərimizin keçdiyi döyüş yolundan danışılıb, onların göstərdiyi xidmətlərdən və şücaətlərdən bəhs edilib.
Tədbir Şəhidlərimizin xatirəsinə açılmış ehsan süfrəsi ilə davam edib. Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək bildirib ki, şanlı Azərbaycan ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə cəmi 44 gün ərzində düşməni döyüş meydanında məğlub edərək torpaqlarımızı işğalçılardan azad edib. Həmçinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin möhkəm iradəsi, xalq-iqtidar birliyi, ordumuzun, şəhidlərimizin qəhrəmanlığı və şücaəti sayəsində vətənimizin bütövlüyü təmin olundu. Ə.Əzizov işğaldan azad edilmiş torpaqlarımızda yenidənqurma, abadlıq-quruculuq işlərinin də ən yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.
Şəhidlərimizin ailə üzvləri qəhrəman oğulların adının əbədiləşdirilməsi istiqamətində Suraxanı rayonunda görülən işləri müsbət dəyərləndirib, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildiriblər.