Suraxanı rayonunda növbəti səyyar görüş Hövsan qəsəbəsinin sakinləri ilə keçirilib
22 iyun 2023 | 14:15
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin operativ həlli ilə bağlı göstərişlərinə uyğun olaraq Suraxanı rayonunda növbəti səyyar görüş Hövsan qəsəbəsinin sakinləri ilə keçirilib.
Hövsan qəsəbəsində yerləşən 270 nömrəli tam orta məktəbdə keçirilən səyyar görüşdə RİH başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Sevinc xanım Fətəliyeva, RİHB-nin müavinləri və şöbə müdirləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, şəhid ailələri, qazilər və qəsəbə sakinləri iştirak ediblər.
İştirakçılar əvvəlcə xalqımızın Ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Görüşdə RİH başçısı Əziz Əzizov Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində xalqımızın qazandığı şanlı qələbədən sonra işğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən sürətli abadlıq-quruculuq işlərindən danışıb, eləcə də bildirib ki, ölkə başçımızın avropa ölkələrinə son səfərləri ölkəmizin xarici siyasi və iqtisadi əlaqələrinə müsbət təsir göstərməklə bərabər, respublikamızın tərəfdaşlıq və əməkdaşlıq baxımından yerini və rolunu da möhkəmləndirir. O, həmçinin ölkəmizin sosial-iqtisadi inkişafından, rayonda görülməsi planlaşdırılan işlərdən bəhs edib.
Milli Məclisin deputatı Sevinc xanım Fətəliyeva çıxış edərək bildirib ki, yaşadığımız çətin bir dövrdə dövlət başçımızın balanslaşdırılmış xarici siyasəti bizi bir çox təhlükələrdən uzaqda saxlayır. Eyni zamanda son illər Suraxanı rayonunun hər bir qəsəbəsində olduğu kimi Hövsanda da görülən işlərdən danışan S.Fətəliyeva bildirib ki, qəsəbədə aparılan abadlıq işləri geniş vüsət alıb. Mərhələli şəkildə küçələr asfaltlanır, səliqə-səhman yaradılır, qəsəbənin siması günü-gündən dəyişir.
Daha sonra ayrı-ayrı sahələrə dair qəsəbə sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər qeydə alınaraq rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə həlli istiqamətində lazimi tapşırıqlar verilib.