Suraxanı rayonunda növbəti dəfə narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici tədbir təşkil olunub
25 may 2023 | 11:52
Suraxanı rayonunda növbəti dəfə narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici tədbir mayın 25-də 87 saylı tam orta məktəbdə təşkil olunub.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova, Rayon Polis İdarəsinin rəis müavini Surxay Vəliyev, RİHBA-nın və Rayon Polis İdarəsinin nümayəndələri, Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi və bələdiyyə sədri, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə məktəbin şagirdlərinin təqdimatında rejissoru və ssenari müəllifi Gəray Həsənov olan səhnəcik və videoçarx nümayiş olunub.
Daha sonra Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova çıxış edərək bildirib ki, yeniyetmələr asudə vaxtlarını səmərəli və düzgün təşkil etməli, sağlamlıqlarının qorunması məqsədilə zərərli vərdişlərdən uzaq olmalı və dostlarını, yaxınlarını da çəkindirməlidirlər. Ətrafda şübhəli hallarla qarşılaşdıqları zaman buna biganə yanaşmamalı, ilk öncə bu barədə müəllimlərini və valideynlərini mütləq məlumatlandırmalıdırlar.
Rayon Polis İdarəsinin rəis müavini Surxay Vəliyev, rejissor Gəray Həsənov, Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlixan Əliyev və bələdiyyə sədri Cəmilə Ağayeva çıxışlarında narkomanlığın insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biri olduğunu qeyd edərək gənclərə mədəni-asudə vaxtlarının səmərəli və düzgün təşkil etmələrini tövsiyə ediblər.
Sonda məktəbin direktoru Elmira Ələkbərova qonaqlara təşəkkürünü bildirib.