Suraxanı rayonunda növbəti dəfə narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici tədbir aprelin 14-də Ə.Eyvazov adına 275 saylı tam orta məktəbdə təşkil olunub
14 aprel 2023 | 11:06
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova, Rayon Polis İdarəsinin rəis müavini Surxay Vəliyev, RİHBA-nın və Rayon Polis İdarəsinin, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin nümayəndələri, 9 saylı hüquq məsləhətxanasının vəkili, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan məktəbin direktoru Elnur Hüseynov qonaqları salamlayaraq bildirib ki, narkomaniya elə bir bəladır ki, onunla bütün cəmiyyət mübarizə aparmalıdır. O, şagirdlərə narkotik aludəçiliyinin insan səhhətinə, sağlamlığına vurduğu zərbələrdən bəhs edib.
Sonra məktəbin şagirdlərinin təqdimatında narkotik vasitələrdən istifadə və onun yaratdığı fəsadlardan bəhs edən səhnəcik və videoçarx nümayiş olunub.
Daha sonra Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova çıxış edərək dövlətimiz tərəfindən narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində daima işlər aparıldığını bildirib. Gənclərin məhz nəzarətsiz mühitin təsirinə düşməsi səbəbindən bu yola qurşanmasını qeyd edən RİH başçısının müavini maarifləndirmə işlərinin mühüm əhəmiyyət kəsb etməsini də diqqətə çatdırıb.
Rayon Polis İdarəsinin rəis müavini Surxay Vəliyev, İdarənin yetkinlik yaşına çatmayanlarla iş üzrə profilaktiki bölməsinin rəisi Əfqan Ağayev, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin əməkdaşı Fatimə Nəzərova, 9 saylı hüquq məsləhətxanasının vəkili, hüquq müdafiəçisi Asif Məmmədov, məktəbin psixoloqu və həkimi çıxışlarında narkomanlığın insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biri olduğunu qeyd edərək gənclərə mədəni-asudə vaxtlarının səmərəli və düzgün təşkil etmələrini tövsiyə ediblər.