Suraxanı rayonunda “Korrupsiyaya qarşı mübarizə” mövzusunda tədbir keçirilib
Fevral ayının 12-də Suraxanı Rayon İcra Hakimiyyətində “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısının müavinləri, aparatın şöbə müdirləri, başçının qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Rəşad Hacıyev korrrupsiyaya qarşı mübarizə Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu nəzərə çatdırmış və ölkəmizdə insanların sosial rifahını və vətəndaş məmnunluğunun daha da artırılması üçün aparılan yeni islahatlar nəticəsində şəffaf və ədalətli idarəçilik sisteminin daha da gücləndirildiyini bildirmişdir.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı aparatının Hüquq şöbəsinin müdiri Elşən Zahirli “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində görülən işlər və bu istiqamətdə həyata keçirilən tədbirlər barədə məlumat vermişdir.
İştirak edən digər çıxışçılar dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınması, ictimaiyyət qarşısında hesabatlılığın daha da gücləndirilməsi, məmur-vətəndaş təmasının minimuma endirilməsi, əhaliyə göstərilən xidmətlərin daha da təkmilləşdirilməsi və elektronlaşdırılması, eləcə də korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən tədbirlərin davamlılığının təmin edilməsinin vacibliyini vurğulayıblar.