Suraxanı rayonunda Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının peşə bayramı qeyd olundu
28 mart 2023 | 09:21
Suraxanı rayonunda Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının peşə bayramı qeyd olundu.
İlk öncə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov və Xidmətin əməkdaşları, Rayon Məhkəməsinin sədri Rasim Kazımov, RİHB-nin müavinləri Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin Suraxanı rayonu, Heydər Əliyev parkında ucalan abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.
Daha sonra Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin inzibati binasında davam edən tədbirdə öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilərək, Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Təhlükəsizlik orqanlarının fəaliyyətindən bəhs edən videoçarxın nümayişindən sonra tədbiri giriş sözü ilə açan Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov qonaqları salamlayaraq şəxsi heyəti peşə bayramı günü münasibətilə təbrik edib. Rauf Məmmədov Təhlükəsizlik orqanlarının tarixinin həm sovet dönəmində, həm də müstəqillik dövründə Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu bildirərək dövlətin və xalqın təhlükəsizliyini, ərazi bütövlüyünü təmin etmək üçün dahi şəxsiyyətin həyata keçirdiyi bütün işlərdə onun millətinə sədaqətlə xidmət etmək amalını xüsusilə vurğulayıb. O, bildirib ki, bu gün də dövlət başçımız cənab İlham Əliyevin rəhbərliyi altında dövlətçiliyimizin, milli maraqlarımızın etibarlı şəkildə qorunması və təhlükəsizlik sahəsində görülən işlərin nəticəsində ölkəmiz hazırda dünyada ən sabit ölkələrdən birinə çevrilib.
Tədbirdə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin əməkdaşlarını peşə bayramı günü münasibətilə təbrik edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə doğma Vətənin daimi tərəqqisi, təhlükəsizliyi və daha da qüdrətlənməsi naminə şərəfli xidmətlərində yeni-yeni uğurlar arzulayıb. Əziz Əzizov xalqımızın milli maraq və mənafelərinin, sabitliyin və əmin-amanlığın qorunmasında danılmaz rolu olan Azərbaycanın təhlükəsizlik orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb, həmçinin torpaqlarımızın azad edilməsi uğrunda Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə aparılmış 44 günlük Vətən Müharibəsində də qələbənin əldə olunması üçün təhlükəsizlik xidmətinin qarşısında qoyulmuş vəzifələri layiqincə yerinə yetirməsini qeyd edib.
Daha sonra tədbirdə çıxış edən Rayon Prokuroru Rəşid Mahmudov və Rayon Məhkəməsinin sədri Rasim Kazımov da Ulu Öndər Heydər Əliyevin bu orqanların fəaliyyətinə verdiyi əvəzolunmaz töhfələrindən danışaraq ölkə başçımız Cənab İlham Əliyev tərəfindən xüsusi xidmət orqanlarının inkişafına daim diqqət göstərildiyini vurğulayıb, ölkəmizin davamlı və dayanıqlı inkişafından söz açmışlar.
28 Mart - Azərbaycanın Təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı münasibəti ilə Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin bir qrup əməkdaşı Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunublar.