Suraxanı rayonunda Beynəlxalq Əlillər Günü qeyd edilib
02 dekabr 2022 | 17:51
Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə RİH başçısı Əziz Əzizov, Rayon Prokuroru Rəşid Mahmudov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, Rayon Ağsaqqallar Şurasının sədri Arif Babayev və şuranın üzvləri, şəhid ailələri, əlillər, ictimai təşkilatların nümayəndələri iştirak ediblər.
Dövlət himninin səsləndirilməsindən sonra Azərbaycan Respublikasının Umummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçərək şəhid olmuş igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov dövlət tərəfindən əlillərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər barədə danışaraq Beynəlxalq Əlillər Gününün əhəmiyyətindən bəhs edib. O, bildirib ki, Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda Beynəlxalq Əlillər Günü rəsmi şəkildə qeyd olunur. Bu gün cəmiyyətimizin bütün təbəqələrinə, o cümlədən əlil vətəndaşlara dövlətimiz tərəfindən diqqət və qayğı göstərilir, onları narahat edən problemlər həllini tapır. Prezident cənab İlham Əliyevin müvafiq sərəncamları ilə mütəmadi olaraq bu kateqoriyalardan olan insanların müavinətləri artırılır, onların sosial problemləri həll edilir, mənzil şəraiti daha da yaxşılaşdırılır. Ölkəmizin hər yerində olduğu kimi, Suraxanı rayonunda da əlillər diqqət və qayğı ilə əhatə olunub.
“3 dekabr - əlillər günü” münasibətilə bir qrup şəxs Rayon İcra hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə Fəxri Fərmanlarla təltif olunublar.
Tədbirdə çıxış edən Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsinin direktoru Jalə Həsənova, Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyinin sədri Çiçək Məmmədli, Vətən müharibəsinin iştirakçısı Şəhid İsabala Hüseynovun atası, 1-ci Qarabağ müharibəsi əlili Ceyhun Hüseynov, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, 1-ci qrup əlil Ülkər Atəş respublikamızda əlillərin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələrdən və onlara olan dövlət qayğısından ətraflı söhbət açıblar.
Beynəlxalq Əlillər Gününə həsr edilmiş tədbir incəsənət ustalarının çıxışı ilə davam etdirilib.