Suraxanı rayonunda “5 mart - Bədən Tərbiyəsi və İdman Günü” qeyd edildi
05 mart 2023 | 11:31
Martın 4-də Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, Suraxanı Rayon İcra Hakimiyyəti, Suraxanı Rayon Gənclər və İdman İdarəsi və Suraxanı Gənclər Evinin birgə təşkilatçılığı ilə Suraxanı Gənclər evində 5 Mart - Bədən tərbiyəsi və İdman Gününə həsr olunmuş “İdmanla öz gücünə inamı artır!” adlı tədir keçirilib.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov, RİHB-nin müavini Fuad Cəbrayılov və şöbə müdirləri, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov, Suraxanı Gənclər Evinin direktoru Natəvan Rüstəmova kikboksinq üzrə Dünya və Avropa çempionu, Azərbaycan Respublikasının "əməkdar idman ustası" Fuad Zeynalov, Pankration MMA idman növü üzrə 3 qat dünya çempionu, 5 qat Avropa çempionu, əməkdar idman ustası Ehtiram Dərişov, 4 qat Azərbaycan çempionu, Avropa birincisi və dünya 3-sü idman ustası Ali Qurbanlı, rayonun idman klublarının idmançıları və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açıq elan edən Suraxanı Gənclər Evinin direktoru Natəvan Rüstəmova qonaqları salamladıqdan sonra video-çarx nümayiş olunub.
Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov çıxış edərək idmançıları 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik edib, onlara bol uğur arzu ediblər. Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin idmana və gənclərə olan diqqət və qayğısından, milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyasından bəhs edərək bu gün Ulu Öndərin layiqli varisi – ölkə başçımız cənab İlham Əliyev tərəfindən həmin strategiyanın uğurla davam etdirildiyini, dövlət başçımızın bu qayğı və diqqətinin idmançılara böyük stimul verdiyini və onları yeni qələbə və uğurlara səslədiyini bildiriblər.
Daha sonra fəxri qonaq qismində iştirak edən idmançılar da çıxış edərək təbrik və tövsiyyələrini gənclərə çatdırıblar.
Tədbirdə Azərbaycan Dillər Universitetinin tələbəsi, StudentVision səs müsabiqəsinin yarışmaçısı, Suraxanı Gənclər Evinin isdedadlı gənci Məhərrəm İsmayılovun ifalarından sonra müxtəlif idman növləri üzrə gənclər nümunəvi idman çıxışlarını nümayiş etdiriblər. Sonda xatirə şəkilləri çəkilib.