Suraxanı rayonunda “2 İyul – Azərbaycan Polisi Günü” qeyd olundu
01 iyul 2022 | 14:00
Tədbiri giriş sözü ilə açan Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov tədbir iştirakçılarını salamlayaraq şəxsi heyəti peşə bayramı günü münasibətilə təbrik etmiş və Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Azərbaycan Polisinin yaranmasının 104-cü ildönümünün qeyd edildiyini vurğulayan S.Neymətov Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdən başlayaraq Daxili İşlər Nazirliyi və onun təşkilati strukturu olan polis orqanlarının dövlətimizin milli maraqlarının müdafiəsində mühüm rol oynayaraq inkişaf etdiyini, ictimai asayişin qorunmasında yüksək nəticələr və zəngin təcrübə qazandığını bildirmişdir. O, qeyd etmişdir ki, bu gün də dövlət başçımız cənab İlham Əliyevin həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün hər cür şərait yaradılmışdır.
Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək polis əməkdaşlarını peşə bayramı günü münasibətilə təbrik etmiş, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə doğma Vətənin daimi tərəqqisi, daha da qüdrətlənməsi naminə xalqa şərəfli xidmətlərində onlara yeni-yeni uğurlar arzulamışdır. RİH başçısı xalqımızın milli maraq və mənafelərinin, sabitliyin və əmin-amanlığın qorunmasında danılmaz rolu olan polis orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müstəsna xidmətlərindən danışmış, həmçinin vətəndaşlarımızın təhlükəsiz həyatının, asayişinin qorunması işinə bundan sonra da layiqli töhfələr verəcəyinə əminliyini bildirərək ölkəmizin davamlı və dayanıqlı inkişafından söz açmışdır.
Həmçinin tədbirdə çıxış edən Rayon Prokuroru Rəşid Mahmudov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, Rayon Məhkəməsinin sədrinin səlahiyyətlərini icra edən Anar İbrahimov da Prezident cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində daxili işlər orqanlarının ölkədə cinayətkarlığa qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilməsindən bəhs etmişlər.
Suraxanı Rayon Polis İdarəsinin bir qrup əməkdaşı Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunmuşlar.