Suraxanı rayonunda 1 İyun – Uşaqların Beynəlxalq müdafiəsi günü münasibətilə "Yaşıl dünyamızı qoruyaq, uşaqlarımıza sağlam gələcək quraq" adlı Uşaq Festivalı keçirilib.
Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Araz supermarketlər şəbəkəsinin tərəfdaşlığı ilə hazırlanan tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı cənab Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Rayon prokuroru Rəşid Mahmudov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, Rayon Mühafizə İdarəsinin rəisi Arif Məmmədov, RİHB-nin müavinləri, eləcə də Araz supermarketlər şəbəkəsinin departament müdiri Ramil Ağayev, şöbə müdiri Aysel Əliyeva, əməkdaşı Sara Məmmədbağırova, Yaşat Fondunun məsul nümayəndələri, Colour Factory CF salonunun əməkdaşları Sabina Rzayeva, Fatih Popkov , şəhid və qazi övladları, digər qonaqlar iştirak ediblər.
İlk öncə dövlət himni və şəhid övladlarının ifasında mahnı səsləndirilib, sülhün carçıları olan göyərçinlər uşaqlar tərəfindən səmaya buraxılıb.
Daha sonra RİH başçısı Əziz Əzizov və qonaqlar rayonun uşaq bağçası-körpələr evləri və məktəblər tərəfindən tullantılardan hazırlanan əl işlərindən ibarət guşələr ilə tanış olub və uşaqların təqdimatlarını dinləyiblər.
Eyni zamanda, 1 İyun – Uşaqların Beynəlxalq müdafiəsi günü münasibətilə uşaqlar üçün Colour Factory CF salonunun əməkdaşları Sabina Rzayeva, Fatih Popkov tərəfindən saç kəsimi aksiyası təşkil olunub.
Tədbirdə şəhid övladlarına və əl işləri sərgilənən sağlamlıq imkanları məhdud uşaqlara hədiyyələr təqdim edilib. Həmçinin, bütün uşaqlara dondurmalar paylanıb, eləcə də keçirilən müxtəlif əyləncəli müsabiqələrin qalibləri mükafatlandırılıb.