Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonu N.Həmidov adına 208 saylı tam orta məktəbdə Azərbaycan istehsalı olan təlim silah və sursat, elektron silah trenajoru və digər zəruri ləvazimatlar ilə təchiz edilmiş unikal tərtibatlı çağırışaqədərki hazırlıq kabineti yaradılaraq istifadəyə verilib

14 dekabr 2022 | 10:17
Suraxanı rayonu N.Həmidov adına 208 saylı tam orta məktəbdə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin iştirakı ilə pilot layihə kimi şagirdlər üçün Azərbaycan istehsalı olan təlim silah və sursat, elektron silah trenajoru və digər zəruri ləvazimatlar ilə təchiz edilmiş unikal tərtibatlı çağırışaqədərki hazırlıq kabineti yaradılaraq istifadəyə verilib.
Dekabrın 14-də qeyd olunan kabinetin açılış tədbirində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Müdafiə Sənayesi Nazirliyinin aparat rəhbəri Zaur Əliyev, Elm və Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Fərzəli Qədirov, müşavirlər Əlibaba Əliyev, Arif Babayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini general mayor Çingiz Kiçibəyov, Vətən müharibəsi qaziləri, şəhid atası, həmçinin məktəbin şagird və pedaqoji kollektivi iştirak ediblər.
Tədbir iştirakçıları yeni yaradılmış çağırışaqədərki hazırlıq kabineti ilə tanış olub, onlara pilot layihə haqqında geniş məlumat verilib. Vurğulanıb ki, belə müasir çağırışaqədərki hazırlıq kabinetinin istifadəyə verilməsi dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın Azərbaycan gəncliyinə diqqət və qayğısının növbəti əyani nümunəsidir.
Müdafiə Sənayesi Nazirliyinin aparat rəhbəri Zaur Əliyev, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Elm və Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Fərzəli Qədirov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi general-mayor Çingiz Kiçibəyov, Müdafiə sənayesi nazirinin müşaviri Arif Babayev, 208 nömrəli tam orta məktəbin direktoru Məlahət Əsədova və çağırışaqədərki hazırlıq müəllimi Elməddin Həsənov çıxış edərək sözügedən pilot layihənin əhəmiyyəti haqqında danışıblar.
Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi və qətiyyətli sərkərdəliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış Şanlı Qələbə milli həmrəyliyi, vətəndaş-dövlət birliyini daha da sarsılmaz edib, gənc nəslin vətənpərvərlik ruhunun, hərb peşəsinə olan marağının artmasına səbəb olub. Bu tarixi Zəfərin əldə edilməsində özünəməxsus yeri və rolu olan, respublikanın müdafiə qabiliyyətinin və Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsinə layiqli və davamlı töhfələrini verən Müdafiə Sənayesi Nazirliyi digər aidiyyəti dövlət orqanları və təşkilatları ilə birlikdə yetişməkdə olan gəncliyin ölkənin ərazi bütövlüyünün təminatı və etibarlı qorunmasına hazırlığının təşkili, müasir hərbi-xüsusi texnologiya elmləri sahəsində biliklərə dərindən yiyələnməsi işində yaxından iştirak edir.
Bildirilib ki, yeni yaradılmış çağırışaqədərki hazırlıq kabinetindən digər məktəblərin də şagirdlərinin hərbi hazırlığının yüksək səviyyədə təşkili üçün istifadə olunması nəzərdə tutulub.
Sonda şagirdlər akt zalında hərbi vətənpərvərlik mövzusunda bədii kompozisiya ilə çıxış ediblər.
Keçidlər