Suraxanı rayonu, Əmircan qəsəbəsində Şəhidimiz kapitan Əliyev Xəyyam Əlixan oğlunun xatirəsi bulaq-abidə kompleksi önündə ehtiramla yad edilmişdir
20 sentyabr 2022 | 12:50
Mərasimdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Rayon prokuroru Rəşid Mahmudov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, RİHB-nin müavinləri və şöbə müdirləri, Rayon Ağsaqqallar Şurasının sədri Arif Babayev, xalq yazıçısı Çingiz Abdullayev, Şəhid ailələri, rayon ictimaiyyəti, eləcə də Dövlət Sərhəd Xidmətinin nümayəndələri iştirak etmişlər
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək bildirmişdir ki, Xızı rayonu ərazisində "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirən zaman qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə məxsus helikopterdə həlak olan Şəhidimiz Xəyyam Əliyevin Vətən müharibəsində Şanlı Qələbənin qazanılmasında böyük xidmətləri olmuşdur. Xəyyam kimi qəhrəmanlarımızın sayəsində bu gün xalqımız qürurludur, başımız dik, alnımız açıqdır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin güclü siyasəti, ordumuzun qisas və qələbə əzmi milli kimliyimizi özümüzə xatırlatdı, güclü millət olduğumuzu, dəyərlərimizə sahiblənməyi bacaran, torpaqlarımız və ərazi bütövlüyümüz uğrunda qorxmadan həlak olmağı bacaran məğrur və qalib millət olduğumuzu bütün dünyaya sübut etdi. O, qeyd etmişdir ki, bu gün dövlət başçımız cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa diqqəti və qayğısı sayəsində dövlətimiz tərəfindən hər bir şəhidin Vətən naminə xidmətləri yüksək qiymətləndirilir, xatirələri əbədiləşdirilir.
Tədbirdə çıxış edən digər qonaqlar hər bir qarışı bizə əziz olan Vətən torpaqlarımızın işğaldan azad olunmasında fədakarlıq göstərən, öz milləti, yurdu, eli uğrunda canını düşmən gülləsinə sipər edən Şəhidlərimizə rəhmət diləmişlər.