Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə "Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi" adlı konfrans keçirilib
29 mart 2023 | 09:50
Ulu Öndərin əbədiyaşar xatirəsinə həsr olunmuş konfransda Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Xalq qəzetinin baş redaktoru Əflatun Amaşov və əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB-nin müavinləri və şöbə müdirləri, Şəhid ailələri, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimai birliklərin sədrləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfrans iştirakçıları tərəfindən ilk öncə Əmircan qəsəbəsi, Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.
Daha sonra Rayon İcra Hakimiyyətinin konfrans zalında davam edən tədbirdə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
RİH başçısı Əziz Əzizov çıxış edərək qonaqları salamlayıb, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edildiyini və bununla əlaqədar Suraxanı rayonunda silsilə tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.
RİH başçısı Ulu Öndərin mənalı həyatı və misilsiz xidmətlərindən danışaraq qeyd edib ki, istər sovet dövründə respublikaya rəhbərlik etdiyi, istərsə də müstəqillik illərində ömrünü öz xalqına həsr edən Heydər Əliyev Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq. Məhz onun müdrik siyasəti nəticəsində Azərbaycan qısa zamanda regionun lider dövlətinə çevrilib, Ulu Öndərin torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində düşünülmüş addımları öz bəhrəsini verib. Ə.Əzizov bildirib ki, Ulu Öndərin uca zirvəyə qaldırdığı Azərbaycan və Azərbaycançılıq məfkurəsi bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbəriliyi altında uğurla inkişaf etdirilir.
Ulu Öndərin həyat və fəaliyyətini özündə əks etdirən video çarxın nümayişindən sonra Xalq qəzetinin baş redaktoru Əflatun Amaşov çıxış edərək bildirib ki, bəşər tarixində nadir insanlar var ki, onların həyat və fəaliyyəti bütün millətin, xalqın, dövlətin taleyini həll etmiş olsun. Heydər Əliyev də tarixdə məhz belə bir şəxsiyyət kimi həkk olunub. Vahid, bölünməz Azərbaycanın qorunması və möhkəmləndirilməsi xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Konfransda Xalq qəzetinin əməkdaşları İlqar Həsənov, Əli Nəcəfxanlı, Milli qəhrəman Cavanşir Rəhimovun anası Lalə Rəhimova, şəhid atası Əlixan Əliyev, Rayon Ağsaqqallar Şurasının sədri Arif Babayev, Rayon Prokuroru Rəşid Mahmudov, Azərbaycan Respublikasının Prezidenti yanında Dovlət İdarəçilik Akademiyasının müəllimi Ədalət Mahmudov, Respublikanın əməkdar artisti, ADMİU-nin dosenti, Rayon Ağsaqqallar Şurasının sədr müavini Ağalar Bayramov çıxış edərək, Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, Ulu Öndərin Azərbaycan elminin, mədəniyyətinin inkişafına, tarixi-mədəni və milli-mənəvi dəyərlərimizin qorunmasına, ordu quruculuğu sahəsinə verdiyi töhfələrdən bəhs ediblər.