Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı Rayon İcra hakimiyyətinin başçısı Əziz Əzizovun rayonun Əmircan qəsəbəsində sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilib

13 oktyabr 2022 | 13:36
87 nömrəli tam orta məktəbdə keçirilən qəbulda Milli Məclisin deputatı Afət Həsənova, RİHB-nin müavinləri və şöbə müdirləri, Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi və bələdiyyə sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, qəsəbə sakinləri iştirak ediblər.
İştirakçılar əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açan RİH başçısı sakinlərlə mütəmədi olaraq görüşlərin keçirildiyini, bunun artıq ənənə xarakter daşıdığını vurğulayıb.
Səyyar qəbulun keçirildiyi 87 nömrəli tam orta məktəbin binasının bir müddət öncə əsaslı şəkildə yenidən qurulduğunu və müassir standartlara cavab verdiyini söyləyən RİH başçısı səyyar qəbulların məqsədinin yerlərdə ortaya çıxan problemlərin öyrənilməsi və həlli istiqamətində addımların atılması olduğunu qeyd edib, ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, mövcud ictimai-siyasi sabitliyindən, həmçinin ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına uyğun olaraq son illər Suraxanı rayonunda həyata keçirilən sosial infrastruktur layihələrdən, aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərindən ətraflı danışıb. Oktyabrın 6-da Praqada keçirilən görüşün nəticələrini Azərbaycan siyasətinin, xüsusilə, Prezident cənab İlham Əliyevin şanlı qələbəsi adlandıran Ə.Əzizov bildirib ki, bu görüş onu sübut etdi ki, dövlətimiz təkcə hərbi platformada deyil, siyasi arenada da güc sahibidir.
Rayon sakinləri, eləcədə əhalinin həssas təbəqəsi sayılan şəhid ailələri və qazilər tərəfindən edilmiş müraciətlərə onun tərəfindən dərhal reaksiya verildiyini və bir çox məsələnin artıq öz həllini tapdığını bildirən Milli Məclisin deputatı Afət xanım Həsənova ölkəmizdə, eləcədə Suraxanı rayonunda şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlərdən danışıb. Bildirilib ki, Ulu Öndər Heydər Əliyev hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşmışdır. Ümummilli liderimizin bu siyasəti hazırda Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezidentimiz, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Bu qəbildən olan insanların həyat şəraitinin, güzəranının yaxşılaşdırılması üçün konkret tədbirlər görülür.
Sakinlər Əmircan qəsəbəsində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sakinlərin onları narahat edən bu və ya digər məsələlərlə bağlı verdikləri sualları ətraflı cavablandıran RİH başçı əhalinin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri xüsusi vurğulayıb.
Sakinlər tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər qeydə alınaraq rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə həlli istiqamətində lazimi tapşırıqlar verilib.
Keçidlər