Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev şəhid ailəsini və qaziləri ziyarət edib
05 iyun 2025 | 14:00
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev müraciət əsasında şəhid İsabala Hüseynovun ailəsini və qaziləri ziyarət edib.
Şəhidlərimizin əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını bildirən RİH başçısı tarixi torpaqlarımızın düşmən işğalından azad olunması və şanlı bayrağımızın Vətən göylərində məğrurluqla dalğalanmasına görə qəhrəmanlarımıza əbədi borclu olduğumuzu bildirib. Prezident cənab İlham Əliyevin şəhid ailələrinə yüksək diqqət və qayğı ilə yanaşılması barədə verdiyi tapşırıqlara uyğun olaraq, şəhid ailələrimizin və qazilərin sosial məsələlərinin həllinin prioritet olduğunu qeyd edən Adil Əliyev bu istiqamətdə bütün addımların atıldığını bildirib.
Şəhidimizin ailə üzvləri dövlətimiz tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya öz təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, Rəşadətli Azərbaycan Ordusunun hərbi qulluqçusu olan İsabala Hüseynov 2020-ci il sentyabrın 27-də başlanmış 44 günlük Zəfər yürüşümüz zamanı qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.