Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev “Heydər Əliyev irsinin öyrədilməsi” dərsləri çərçivəsində “Azərbaycanın dövlətçilik tarixi: “Zamana sığmayan Liderin Naxçıvandan başlanan tarixi missiyası” mövzusunda görüşdə iştirak edib
16 dekabr 2024 | 16:38
Suraxanı rayon Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, BŞTİ-nin sektor müdiri Günay Qurbanova, Suraxanı rayonu ümumi təhsil müəssisələrinin 11-ci sinif şagirdləri və direktorlar iştirak ediblər.
Tədbir iştirakçıları ilk öncə Ulu Öndərin Əmircan qəsəbəsi, Heydər Əliyev parkında ucalan abidəsini ziyarət edərək, gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.
Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov qonaqları və iştirakçıları salamlayaraq xalqımızın milli sərvəti hesab edilən Ulu Öndərin zəngin və çoxşaxəli irsinin öyrənilməsinin və gənc nəsil arasında təbliğ olunmasının əhəmiyyətindən danışıb.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin Azərbaycan xalqı üçün örnək olduğunu bildirib. O, qeyd edib ki, Heydər Əliyev nadir dövlətçilik zəkası, cəsarəti və sarsılmaz iradəsi ilə apardığı siyasət nəticəsində Azərbaycanda demokratik və hüquqi dövlət qurmağa nail oldu.
Həmçinin, tədbirdə çıxış edən Milli Məclisin deputatı Vüqar Rəhimzadə, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov və digər qonaqlar Heydər Əliyevin ölkəyə rəhbərliyə başladığı gündən Azərbaycanda iqtisadi yüksəlişin, elmi-tərəqqi dövrün başlandığını vurğulayıblar. Qeyd olunub ki, dünya miqyaslı böyük tarixi şəxsiyyət Heydər Əliyev həmişə xatırlanacaq, onun parlaq siması qədirbilən insanların qəlbində yaşayacaq, əziz və unudulmaz xatirəsi hər zaman xüsusi ehtiramla anılacaqdır.
Sonda gənclərin sualları cavablandırılıb, onlarla fikir mübadiləsi aparılıb.