Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev füzulişünas alim Vərağa Almasovun 65 illik yubileyində iştirak edib
28 fevral 2025 | 17:00
Fevralın 28-də Mirzəağa Əliyev adına Mədəniyyət Evində Bakı şəhər Mədəniyyət Baş İdarəsi ilə Hövsan Mədəniyyət Sarayının birgə təşkilatçılığı ilə filologiya fəlsəfə doktoru, füzulişünas alim Vərağa Almasovun 65 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Azərbaycan Milli Elmlər Akademiyasının alim və elmi işçiləri, mədəniyyət, incəsənət xadimləri, Hövsan kənd ağsaqqalları və kənd sakinləri iştirak ediblər.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev yubilyarı doğum günü münasibətilə təbrik edərək ən xoş arzularını çatdırıb, onu Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edib.
Qeyd edək ki, Hövsan kəndində anadan olan, ilk əmək fəaliyyətinə Mirzəağa Əliyev adına Mədəniyyət Evində başlayan Vərağa Almasov sonralar müxtəlif elmi mərkəzlərdə işləsə də, mədəniyyət sahəsindəki fəaliyyətini qırx ilə yaxın davam etdirib. Eyni zamanda elmi yaradıcılıqla məşğul olaraq klassik ədəbiyyatımızın, xüsusilə Füzuli yaradıcılığının tədqiqi ilə məşğul olan Vərağa Almasov 1994-cü ildə Füzuli yaradıcılığına həsr olunmuş filologiya üzrə fəlsəfə doktoru elmi işini uğurla müdafiə edib və onun bu mövzuda dörd monoqrafiyası nəşr olunub.
Ümumilikdə 7 kitabın, onlarla məqalənin müəllifi olan Vərağa Almasov tədbirin sonunda çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına öz təşəkkürünü bildirib.