Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Cavanşir Rəhimovun anım günündə onun Qaraçuxur qəsəbəsi, Neftçilər parkında yerləşən büstünü ziyarət edib, önünə gül dəstələri düzüb
07 avqust 2024 | 15:48
RİH başçısı Adil Əliyev bildirib ki, Milli Qəhrəmanımızın şərəfli həyat yolu, igidliyi, mərdliyi, şücaəti, qəhrəmanlığı Azərbaycan gəncliyi üçün böyük örnək və stimuldur.
Qeyd edək ki, 5 iyun 1973-cü ildə Qax rayonunun Qaşqaçay kəndində dünyaya göz açmış Cavanşir Rəhimovun ailəsi Suraxanı rayonunun Qaraçuxur qəsəbəsinə köçürlər. Suraxanı rayonu 104 saylı tam orta məktəbdə 1-ci sinfə gedən Cavanşir səkkizinci sinfi bitirdikdən sonra texniki-peşə məktəbində təhsilini davam etdirir. O, qısa müddət ərzində karate idman növünü və idman ustası normativini öyrənir. 1992-ci ildə Cavanşir hərbi xidmətə çağırılır, onun taleyinə Hərbi Hava Qüvvələrində xidmət etmək düşür. Bir müddət təlim keçən Cavanşir Rəhimov bort-atıcı peşəsinə yiyələnir. Könüllü olaraq müharibəyə getmək istədiyini bildirəndə onu baş leytenant Ruslan Polovinkonun komandiri olduğu Mi-24 vertolyotuna bort-atıcı təyin edirlər.
1-ci Qarabağ döyüşlərində qəhrəmancasına şəhid olan Cavanşir Rəhimov 1992-ci il sentyabr ayının 9-da Şəhidlər Xiyabanında dəfn edilir.
Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Rəhimov Cavanşir İzzət oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.
Azərbaycanın ən gənc Milli Qəhrəmanı olan Cavanşir Rəhimovun adı Suraxanı rayonundakı 146 saylı tam orta məktəbə verilir. Eləcə də Qaraçuxur qəsəbəsində yerləşən Neftçilər parkında qəhrəmanımızın büstü qoyulur.