Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı Rayon İcra Hakimiyyətində“Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda müşavirə keçirilmişdir

23 may 2025 | 14:00
Mayın 23-də Suraxanı Rayon İcra Hakimiyyətində Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda müşavirə keçirilmişdir.
Müşavirədə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Rəşad Hacıyev, Bakı Regional Mərkəzinin rəis müavini Nəcəf Novruzov, Mərkəzin Mülki Müdafiə İdarəsinin rəisi, polkovnik Rəşad Quliyev və Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Xidmətinin əməkdaşları, RİHBA-nın şöbə müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələri, qəsəbə bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, təhsil, səhiyyə müəssisələrinin rəhbərləri, Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin, Mənzil Kommunal İstismar Sahələrinin rəhbərləri iştirak etmişlər.
Müşavirəni giriş sözü ilə açan Rəşad Hacıyev tədbir iştirakçılarını salamladıqdan sonra Suraxanı rayonunda bu sahədə mövcud vəziyyətdən danışaraq bildirdi ki, su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi, baş vermiş təhlükəli hadisələr zamanı insanların axtarışı və xilas edilməsi istiqamətində aparılmış işlərin təhlili son illər Fövqəladə Hallar Nazirliyinin digər dövlət strukturları ilə birgə səyləri nəticəsində sularda həlak olma faktlarının xeyli azaldığını, insanların təhlükəsizliyinin təmin edilməsi məsələlərinə həsr olunmuş işçi müşavirələrin öz səmərəsini verdiyini göstərir.
Daha sonra Bakı Regional Mərkəzinin rəis müavini Nəcəf Novruzov çıxış edərək öz fikirlərini tədbir iştirakçıları ilə bölüşmüşdür. Bundan sonra tədbir proqrama uyğun olaraq bu sahə üzrə müxtəlif mövzular ətrafında məruzələrlə davam etmişdir. Belə ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin istismarına nəzarət şöbəsinin inspektoru daxili xidmət baş leytenantı Hikmət Müseyibzadə “Su hövzələrində insanlarınların təhlükəsizliyinin təmin edilməsi”, Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Mais Məmmədov “Yay mövsümü ərzində əhalinin istirahətinin təşkili məqsədilə çimərlik sahələrində görülən işlər”, Bakı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Suraxanı rayon Bölməsinin müdiri Leyli Qurbanova “Çimərlik sahələrində əhaliyə tibbi xidmətin göstərilməsi”, Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Arzu Quliyeva “Dəniz suyunun təmizlik vəziyyəti”, Suraxanı Rayon Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin baş inspektoru, polis mayoru Elsevər Qurbanov “Çimərliklərdə ictimai asayişin qorunmasının təşkil olunması və vəziyyəti” mövzuları ilə çıxış etmişlər.
Sonda müşavirəyə R.Hacıyev yekun vuraraq səslənən və diqqətçəkən problemlərin, söylənən fikirlərin, verilən tapşırıqların gündəlik işdə öz əksini tapacağına və onların yüksək səviyyədə yerinə yetirilməsinə rayonun aidiyyəti idarə rəhbərlərinin səy göstərəcəyinə inandığını bildirmiş, eyni zamanda bu ilki yay mövsümünün həm Suraxanı rayonunda, həm də paytaxtın digər çimərliklərində fövqəlada hadisələrsiz keçməsini və əhalinin rahat və təhlükəsiz istirahət edə bilməsini arzulamışdır.
Keçidlər