Suraxanı Rayon İcra Hakimiyyətində Mərkəzləşdirilmiş Rəqəmsal Sənəd Dövriyyəsi Sistemi ilə bağlı təlim keçirildi
13 may 2024-cü il tarixində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşkilatçılığı ilə Suraxanı Rayon İcra Hakimiyyətində Mərkəzləşdirilmiş Rəqəmsal Sənəd Dövriyyəsi Sistemi ilə bağlı onlayn təlim keçirildi.
Təlimdə Bakı şəhəri və digər yerli icra hakimiyyətlərinin məsul əməkdaşları iştirak etdilər.
İlk öncə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin proqram təminatçısı Emil Əhmədzadə Rəqəmsal Sənəd Dövriyyəsi Sisteminin (MRSDS) “Dövlət orqanları (qurumları) arasında sənəd mübadiləsinin elektronlaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1 avqust 2023-cü il tarixli 2279 saylı Fərmanla verilmiş tapşırığa dair ümumi məlumatları təlim iştirakçılarının diqqətinə çatdırdı. Natiq MRSDS-in Azərbaycan Respublikasında rəqəmsal inkişaf sahəsində idarəetmənin təkmilləşdirilməsində rolundan danışaraq bildirdi ki, Fərmanın 5-ci bəndinə əsasən MRSDS mərkəzi icra hakimiyyəti orqanlarının 2023-cü il noyabrın 1-dək, yerli icra hakimiyyəti orqanlarının, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin 2024-cü il avqustun 1-dək mövcud elektron sənəd dövriyyəsi sistemlərini altsistemə inteqrasiya etməklə digər dövlət orqanları (qurumları) ilə sənəd mübadiləsinin həmin altsistem üzərindən aparılmasını təmin edilməsi məqsədilə yaradılmışdır.
Daha sonra, Agentliyin Elektron sənəd dövriyyəsi şöbəsinin müdiri Lalə Hüseynli təlim iştirakçılarını Rəqəmsal Sənəd Dövriyyəsi Sisteminin ümumi interfeysi ilə tanış edərək, qeydiyyat, qeydiyyata nəzarət və dərkənar imzalama, icra, icra müddətinin artırılması, əsas icraçının dəyişdirilməsi, yeni yazışma, ardıcıl və paralel razılaşdırma, təsdiq (İmzalama), nömrələnmə, nəzarətdə olan sənədin axtarışı proseslərinin sistem üzərində necə aparıldığı barədə məlumat verdi.
Sonda yerli icra hakimiyyətlərinin əməkdaşlarının Mərkəzləşdirilmiş Rəqəmsal Sənəd Dövriyyəsi Sistemi ilə bağlı sualları cavablandırıldı.
Əlavə olaraq qeyd etmək istəyirik ki, Suraxanı Rayon İcra Hakimiyyətində 2024-cü ilin aprel ayından etibarən Mərkəzləşdirilmiş Elektron Sənəd Dövriyyəsi Sisteminin tətbiqinə keçirilmişdir.