Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən şəhidlərin xatirəsinə ehsan süfrəsi təşkil edilib
24 oktyabr 2022 | 09:04
Vətən Müharbəsində göstərdikləri şücaət və qərəmanlıqlarına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən orden və medallarla təltif edilmiş Vətən Müharibəsi şəhidləri Mixail Həmidov və Nazim Kırxlarovun əziz xatirəsinə ehsan süfrəsi açılıb.
Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən təşkil edilən mərasimdə RİH başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, idarə, müəssisə və təşkilat nümayəndələri, şəhid ailələri, qazilər iştirak ediblər.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açan RİH başçısı Əziz Əzizov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda övladlarını itirən analara öz ehtiramını bildirərək, şəhidlərimiz kimi, onların ailələrinin də hər kəs üçün çox dəyərli olduqlarını diqqətə çatdırıb. Qeyd edilib ki, rayon rəhbərliyi tərəfindən də Suraxanı rayonunda şəhidlərin ailələri, məzarları ziyarət olunur, əziz xatirələri ehtiramla anılır. Həmçinin, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində sürətlə aparılan genişmiqyaslı quruculuq işlərindən danışan RİH başçısı bir neçə gün öncə Prezident cənab İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Zəngilan Beynəlxalq Hava Limanının açılışından bəhs edərək bildirmişdir ki, Qarabağın yenidən qurulmasında və dirçəldilməsində, bütövlükdə bölgəmizin inkişafında Azərbaycan-Türkiyə birliyi, əməkdaşlığı önəmli rola malikdir.
Mərasimdə şəhidlərin ailə üzvləri çıxış edərək ölkəmizdə şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini önə çəkib və bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyeva təşəkkürünü ifadə ediblər.