Suraxanı Rayon İcra Hakimiyyəti “ASAN xidmət indeksi” üzrə qiymətləndirmədə 2-ci yerə layiq görülüb.
07 fevral 2023 | 12:15
Suraxanı Rayon İcra Hakimiyyəti “ASAN xidmət indeksi” üzrə qiymətləndirmədə 2-ci yerə layiq görülüb.
“ASAN xidmət indeksi” üzrə 2022-ci il qiymətləndirmə nəticələrinə dair təqdimat keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ulvi Mehdiyev, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, müxtəlif qurumların rəhbər vəzifəli şəxsləri və digər qonaqlar iştirak ediblər.
Öncə Türkiyədə baş vermiş zəlzələ nəticəsində həyatını itirən şəxslərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ülvi Mehdiyev Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Dövlət Xidmətlərinin Elektron Reyestrinin məqsədləri və bu çərçivədə görülmüş işləri diqqətə çatdırıb. Qeyd olunub ki, “ASAN xidmət indeksi” üzrə qiymətləndirmə BMT tərəfindən yüksək qiymətəndirilib. Qurumlar tərəfindən bu istiqamətdə hər ötən il əvvəlki ildən daha yüksək nəticələrin əldə olunduğu bildirilib.
Mərkəzi icra hakimiyyəti orqanları arasında 1-ci yerə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 2-ci yerə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, 3-cü yerə Dövlət Statistika Komitəsi, yerli icra hakimiyyəti orqanları arasında 1-ci yerə Binəqədi Rayon İcra Hakimiyyəti, 2-ci yerə Suraxanı Rayon İcra Hakimiyyəti, 3-cü yerə Nizami Rayon İcra Hakimiyyəti, hüquqi şəxslər arasında isə 1-ci yerə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, 2-ci yerə “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, 3-cü yerə “Azəriqaz” İstehsalat Birliyi, həmçinin 2016-2021-ci illərdə ən yüksək göstərici əldə etmiş Dövlət Miqrasiya Xidməti mükafata layiq görülüb.
Tədbirin ikinci hissəsində dövlət qurumlarının nümayəndələri üçün qiymətləndirmənin nəticələrinin geniş və interaktiv şəkildə təqdimatı keçirilib.