Suraxanı rayon Heydər Əliyev Mərkəzində yeni ailə həyatı quran gənclərin nikahlarının təntənəli qeydə alınması mərasimi keçirilib və yeni doğulan körpənin doğum haqqında şəhadətnaməsi valideynlərinə təqdim edilib
02 mart 2023 | 09:44
Nikah mərasimində gənclərin valideynləri, yaxın qohumları, Suraxanı rayon İcra Hakimiyyətinin, Heydər Əliyev Mərkəzinin, Suraxanı rayon qeydiyyat şöbəsinin, 2 saylı ASAN xidmətin məsul şəxsləri iştirak ediblər.
Nikah mərasimlərindən öncə gənclərin iştirakı ilə Heydər Əliyev parkında Ulu Öndərin abidəsi ziyarət olunaraq, önünə gül dəstələri düzülüb.
Heydər Əliyev Mərkəzi ilə tanış olan qonaqlara Ümummilli Liderin gənclərə örnək olan həyatı haqqında ətraflı məlumat verilib.
Daha sonra gənclərin nişan üzüklərinin dəyişdirilməsi iştirakçıların alqış sədaları altında yaddaşlara həkk olunub. 2 saylı ASAN xidmətin və Suraxanı rayon qeydiyyat şöbəsinin əməkdaşları tərəfindən nikah haqqında şəhadətnamələr gənclərə, eləcə də doğum haqqında şəhadətnamə yeni dünyaya gəlmiş körpənin valideynlərinə təqdim olunub.
Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevlə Zərifə xanım Əliyeva kimi möhkəm təməlli və nümunəvi bir ailənin qurulması, bu müqəddəs ocağı ömürlərinin sonuna kimi qorumaq üçün əllərindən gələni əsirgəməmələri gənclərə tövsiyə olunub.
Suraxanı Rayon İcra Hakimiyyəti adından gənclərimizi təbrik edir, onlara ailə xoşbəxtliyi, firəvanlıq və xoş günlər arzulayırıq. Həmçinin, yeni doğulmuş körpənin vətənpərvər ruhda böyüyərək vətənə, xalqa gərəkli bir övlad kimi yetişməsini diləyirik.