Suraxanı Rayon Heydər Əliyev Mərkəzində 15 İyun Milli Qurtuluş gününə həsr olunmuş “15 İyun xaosdan sabitliyə, güclü dövlətə və tərəqqiyə” adlı tədbir keçirilmişdir
13 iyun 2022 | 12:26
İyunun 13-də Suraxanı Rayon Heydər Əliyev Mərkəzində 15 İyun Milli Qurtuluş gününə həsr olunmuş “15 İyun xaosdan sabitliyə, güclü dövlətə və tərəqqiyə” adlı tədbir keçirilmişdir.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri, qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nümayəndələri, təhsil müəssisələrinin rəhbərləri, Fövqəladə Hallar Nazirliyi Akademiyasının kursantları və digər qonaqlar iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət edərək önünə gül dəstələri düzmüşlər.
Daha sonra Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə 15 İyun Milli Qurtuluş gününə həsr olunmuş videoçarx nümayiş olunmuşdur.
Tədbiri giriş sözü ilə açan Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin direktor vəzifəsini icra edən Firəngiz Məlikbəyli qonaqları salamlayaraq bildirmişdir ki, hər bir xalqın milli mənəvi irsini, əxlaqi dəyərlərini gələcək nəsillərə ötürmək missiyası kimi çətin və məsuliyyətli vəzifənin gerçəkləşməsində fenomenal şəxsiyyətlərin rolu əvəzsizdir. Azərbaycan xalqının Ümumilli Lideri, Ulu Ündər Heydər Əliyev belə şəxsiyyət olmaqla bu baxımdan xalqımız üçün bənzərsiz və unudulmazdır.
Suraxanı RİH başçısı Əziz Əzizov tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günü münasibətilə hər kəsi təbrik etmiş və qeyd etmişdir ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də Ali Sovetin Sədri seçilməsi bu dahi şəxsiyyətin, sadəcə, hakimiyyətə qayıdışı deyil, eyni zamanda, xalqın qurtuluş, qəhrəmanlıq tarixidir. Ümummilli Liderin rəhbərliyi altında ölkədə ictimai-siyasi sabitlik təmin olundu, qanunsuz silahlı birləşmələr zərərsizləşdirildi, özbaşınalığın, hərc-mərcliyin, qanunsuzluqların, kütləvi iğtişaşların, aclığın, səfalətin qarşısı alındı. Ermənistanın daha geniş ərazilərimizi işğal etməsinə, kütləvi qanlar axıdılmasına son qoyuldu, atəşkəsin imzalanmasına nail olundu. Bu böyük qayıdış Azərbaycanda dövlət quruculuğunun sürətlənməsinə səbəb oldu, dövlətçiliyimizi və suverenliyimizi qoruya bilən ordu formalaşdı, iqtisadiyyatın inkişafı, ictimai asayişin və sabitliyin bərpası təmin olundu.
YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov da çıxışında bildirmişdir ki, Heydər Əliyevin həyat tarixçəsini, dövlət başçısı kimi fəaliyyət dövrünü vərəqləsək Azərbaycan xalqına misilsiz xidmətinin parlaq nümunələri gözlərimiz önündə canlanar. Azərbaycan xalqı üçün Heydər Əliyev dahi və əvəzolunmaz nadir tarixi şəxsiyyətdir.
Tədbirdə Suraxanı RİHBA-nın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elmar Hüseynov, RİHB-nin Əmircan qəsəbə İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi, Şəhid atası Əlixan Əliyev, Dünya Türkologiya Mərkəzinin sədri, filologiya üzrə fəlsəfə doktoru, tarix elmləri doktoru, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi Güllü Yoloğlu, Fövqəladə Hallar Nazirliyinin Akademiyasının zabiti, baş leytenant İradə Kərimova çıxış edərək bildirmişdirlər ki, 1991-ci ildən 1993-cü ilin iyun ayınadək olan dövr xalqımızın böyük sarsıntı içində yaşamaq məcburiyyətində qalması, ümumilikdə, dövlətin özünün gələcəyinin sual altında olması ilə şərtlənirdi. Bu taleyüklü sınaq anında xalqın çağırışına səs verən, dövlətin gələcək taleyinə biganə qalmayan Ulu Öndər Bakıya dönərək respublikada yaranmış hakimiyyət böhranının aradan qaldırılması istiqamətində əməli fəaliyyətə başladı. Ulu Öndər böyük fədakarlıqla Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxladı, onu dönməz, daimi və əbədi etdi.
Çıxışlardan sonra Suraxanı rayonu Heydər Əliyev Mərkəzi ilə sıx əməkdaşlıq edən bir qrup təşkilat və müəssisə Mərkəzin Təşəkkürnamələri ilə təltif edilmişdir. Sonda tədbir iştirakçılarına bədii hissə nümayiş olunmuşdur.