Suraxanı rayon 226 №-li tam orta məktəbdə “Şuşa ili” çərçivəsində “Şuşa-270” adlı tədbir təşkil olunub
21 dekabr 2022 | 14:38
Dekabrın 21-də Suraxanı rayon 226 №-li tam orta məktəbdə “Şuşa ili” çərçivəsində “Şuşa-270” adlı tədbir təşkil olunub.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavini Könül Axundova, Milli İdman Növləri Assosiasiyasının vitse-prezidenti Cəlal Qurbanov, Bakı Şəhər Təhsil İdarəsinin Daxili Nəzarət Şöbəsinin müdiri Aydın Rəhimov, Müdafiə Nazirliyində Qadınlar və və Hərbi Qulluqçuların Ailələri ilə iş şöbəsinin müdiri Zümrüd Səmədova, Şəhid anaları, qazilər və digər qonaqlar iştirak ediblər.
Qonaqlar ilk öncə şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olub, eləcə də məktəbin idmançı şagirdləri müxtəlif idman növləri üzrə fəndlər nümayiş etdiriblər.
Daha sonra məktəbin akt zalında davam edən tədbir torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını fəda edən şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi və dövlət himninin səsləndirilməsi ilə başlanıb. Mədəniyyət paytaxtımızla bağlı video-çarx nümayiş etdirilib.
Tədbir çərçivəsində şagirdlərin təqdimatında Qarabağın, o cümlədən Şuşa şəhərinin zəngin tarixindən, mədəni irsindən, işğal dövründə məruz qaldığı dağıntılardan söz açılıb, 44 günlük Vətən müharibəsi səhnəciklərlə, şeirlərlə xatırlanıb. Ölkəmizi, o cümlədən Şuşanı vəsf edən çıxışlar maraqlı və yaddaqalan olub.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək bildirib ki, 44 gün davam edən Vətən Müharibəsi Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Aparılan hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən mühüm strateji yüksəkliklər işğaldan azad edildi. Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan oldu. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Böyük qələbəni al qanı ilə yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandanımız cənab İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” - deyən Ulu Öndərin arzusunu reallaşdırdı.
Tədbirdə çıxış edən digər qonaqlar və Şəhid ailələri Azərbaycan Respublikasının Prezidenti, qətiyyətli Sərkərdə, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun gücü, qüdrəti sayəsində Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbənin tariximizdə əbədi yaşayacağını vurğulayıblar.