Suraxanı məktəblərində Zəfər Gününə həsr olunan silsilə tədbirlər keçirilir
03 noyabr 2022 | 10:58
Suraxanı rayonunda yerləşən ümumi təhsil müəssisələrində Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər, konfranslar, seminarlar, mühazirələr, “Dəyirmi masa”lar, “Açıq dərs”lər, vebinarlar, ədəbi-bədii kompozisiyalar, yaradıcılıq müsabiqələri təşkil olunur.
Zəfər Gününə həsr olunmuş növbəti tədbir rayonun Bülbülə qəsəbəsində yerləşən N.Həmidov adına 208 nömrəli tam orta məktəbdə keçirilib.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Afət Həsənova, RİHB-nin müavini Könül Axundova, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, qazilər, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub, Zəfər Günü ilə bağlı hazırlanmış videoçarx təqdim edilib.
Məktəbin dirketoru Məlahət Əsədova qeyd edib ki, vətənə böyük sevgiləri olan qəhrəmanların ömür yolu gənclərin vətənpərvərlik ruhunun formalaşmasında müstəsna rol oynayır. Qəhrəmanlıqları ilə dastan yazan igid oğullarımızı yad etmək, xatırlamaq, gələcək nəsillərə çatdırmaq hər birimizin üzərinə düşən ən müqəddəs vəzifədir.
Tədbirdə məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş olunub.