Suraxanı gəncləri hərbi xidmətə təntənəli şəkildə yola salınıblar
24 oktyabr 2022 | 10:03
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının 2022-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” müvafiq Sərəncamına əsasən Suraxanı rayonunda çağırış yaşına çatmış gənclərin hərbi xidmətə yola salınması münasibətilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsində təntənəli tədbir keçirib.
Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundovanın, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsinin rəisi polkovnik-leytenant Kənan Nağıyevin, Rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırovun, RİHBA-nın və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsinin nümayəndələrinin, din xadiminin, rayon ictimaiyyətinin iştirakı ilə keçirilən tədbirdə həqiqi hərbi xidmətə yola salınan gənclər və onların ailə üzvləri iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Bayrağı gətirildikdən sonra tədbirdə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, Dövlət Himni səsləndirilib.
Həqiqi hərbi xidmətə yola düşən çağırışçılar hərbi marşın sədaları altında səhnəyə daxil olublar.
Rayon icra hakimiyyətinin başçısının müavini Könül Axundova çıxış edərək bildirib ki, müzəffər ordumuz 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək işğal altındakı torpaqlarımızı mənfur düşməndən azad edib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu zəfər tariximizə qızıl hərflərlə yeni səhifə yazıb. Hazırda Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tariximizin ən şərəfli günlərini yaşayan respublikamız dünyada qalib dövlət, xalqımız isə məğrur xalq kimi tanınır. Bir daha sübut olundu ki, güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir.
Hərbi xidmətə yola salınan gənclərə xoş arzularını bildirən RİHB-nin müavini vurğulayıb ki, hazırda orduda maddi-texniki təchizatla yanaşı, əsgərlərimizin döyüş ruhu və nizam–intizamı olduqca yüksəkdir. Tarixi həqiqətdir ki, Dövlət–Xalq–Ordu birliyi əsgər və zabitlərin döyüş ruhunu artırır.
Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsinin Səfərbərlik hazırlığı və Səfərbərlik şöbəsinin rəisi polkovnik-leytenant Elsevər Nağıyev və 226 №-li tam orta məktəbin direktoru, şəhid anası Arzu Məmmədova, din xadimi Rəhim Kərimov çağırışçı gənclərə Vətənə ləyaqətlə xidmət etməyi tövsiyə ediblər.
Həmçinin, rayon məktəblilərinin və gənc idmançıların çıxışları nümayiş olunub.
Sonda çağırışçılar üçrəngli Azərbaycan bayrağını öpərək hərbi xidmətə yola düşüblər.