“Sərhədçi” Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi qeyd olunub
10 may 2023 | 17:01
Mayın 10-da Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına “Sərhədçi” Mədəniyyət Mərkəzində tədbir keçirilib.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatları Afət Həsənova, Sevinc Fətəliyeva, Etibar Əliyev, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Rayon Prokuroru Rəşid Mahmudov, Rayon Polis İdarəsinin rəisi Şəhriyar Şəmşirli, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı Rayon İdarəsinin rəisi Rauf Məmmədov, Rayon Məhkəməsinin sədri Rasim Kazımov, Hərbi Hava Qüvvələrinin Şəxsi Heyyət İdarəsinin rəisi Elşad Pənahov, RİHB-nin müavinləri və şöbə müdirləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri və nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları ilk öncə Mədəniyyət Mərkəzinin foyesində Ulu Öndərin Suraxanı rayonuna gəlişlərini əks etdirən lövhələr və məktəblilərin Ümummilli Liderin xatirəsinə həsr etdikləri rəsmlərlə tanış olublar.
Daha sonra akt zalında davam edən tədbiri açıq elan edən Heydər Əliyev irsinin tədqiqi və təbliği sahəsində müstəsna xidmətləri olan Əməkdar İncəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, Ulu Öndər haqqında onlarla kitabın müəllifi polkovnik Abdulla Qurbani qonaqları salamlayıb.
Dövlət himninin səsləndirilməsindən sonra məruzə ilə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət Heydər Əliyevin xidmətlərindən və onun Azərbaycan xalqına verdiyi töhfələrdən danışaraq davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycanın, Heydər Əliyevin həyat amalının təntənəsi olduğunu diqqətə çatdırıb. RİH başçısı geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyevin həm birinci, həm də ikinci hakimiyyəti dövründə düşünülmüş və cəsarətli qərarları ilə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etdiyini vurğulayıb.
Daha sonra Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş film nümayiş olunub.