Sentyabrın 22-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov növbəti görüşünü Bülbülə qəsəbəsinin sakinləri ilə keçirmişdir
22 sentyabr 2022 | 16:45
140 saylı tam orta məktəbdə 100 nəfərdən artıq sakinlə keçirilən səyyar görüşdə RİHB-nin müavinləri, şöbə müdirləri, Bülbülə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi və bələdiyyə sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak etmişlər.
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanan səyyar görüşdə RİH başçısı Əziz Əzizov çıxış edərək bildirmişdir ki, regionun və dünyanın ən güclü ordularından birinə çevrilmiş şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə üzərinə qoyulmuş missiyanı bu gün də uğurla yerinə yetirir. O, qeyd etdi ki, sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatlar bir daha bütün dünyaya göstərir ki, ölkə başçımız cənab İlham Əliyevin regionda sülh çağırışlarına rəğmən Ermənistan regionda sabitlik, davamlı inkişaf və sağlam dialoq mühitinin yaşanması prosesində maraqlı deyildir. Son döyüş əməliyyatlarında düşmənə sarsılmaz zərbə vuran ordumuz düşmənin çoxsaylı hərbiçisini məhv etmişdir. Çox təəssüf ki, bu döyüşlərdə şəhidlərimiz də oldu. Allahdan bütün şəhidlərimizə rəhmət, yaxınlarına səbir, yaralılarımıza şəfa diləyən RİH başçısı bildirdi ki, əzmkarlıqla, şücaətlə döyüşən ordumuzun sayəsində Ermənistan bu gün çox dərin siyasi, iqtisadi, hərbi, demoqrafik böhran günlərini yaşayır. Azərbaycan isə artıq işğaldan azad olunan ərazilərin bərpasını müxtəlif istiqamətlərdə həyata keçirir. Sentyabrın 21-də üçrəngli bayrağımızın Prezident cənab İlham Əliyev tərəfindən Laçın şəhərində ucaldılmasından qürur hissi keçirdiyini bildirən Əziz Əzizov işğaldan azad olunmuş torpaqlarımızda Şanlı bayrağımızın əbədi dalğalanacağını fəxrlə qeyd etmişdir.
Daha sonra sakinlərin səsləndirdikləri müraciət və problemlər dinlənilmiş, qaldırılan məsələlər müzakirə olunmuş və araşdırılması üçün aidiyyəti üzrə RİH başçısı tərəfindən müvafiq göstərişlər verilmişdir.
Sakinlər göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.