Sentyabrın 14-dən 15-nə keçən gecə vəfat edən Azərbaycan Ordusunun hərbi qulluqçusu Ağayev Rüfət Xanəhməd oğlunun 40 mərasimi keçirilib
25 oktyabr 2023 | 14:03
Kəlbəcər rayonunda həqiqi hərbi xidmətdə olan və sentyabrın 14-dən 15-nə keçən gecə vəfat edən Azərbaycan Ordusunun hərbi qulluqçusu Ağayev Rüfət Xanəhməd oğlunun 40 mərasimi keçirilib.
Oktyabrın 25-də Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, Rayon Polis İdarəsinin rəisi Şəhriyar Şəmşirli, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı Rayon İdarəsinin rəisi Rauf Məmmədov, Rayon Məhkəməsinin sədri Rasim Kazımov, Rayon Mühafizə İdarəsinin rəisi Arif Məmmədov, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər.
İlk öncə şəhidin Binə Şəhidlər Xiyabanında məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb və ruhuna dualar oxunub.
Daha sonra Rayon İcra Hakimiyyəti tərəfindən açılan ehsan süfrəsində canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərimizin əziz xatirələri yad edilib.
RİH başçısı Əziz Əzizov Rüfət Ağayevin doğmalarına dərin hüznlə bir daha başsağlığı verərək Allahdan rəhmət diləyib. O, bildirib ki, Şəhidlər bizim qürur yerimiz, fəxrimizdir. Xalqımız heç zaman Vətən naminə canını qurban vermiş Şəhidlərini unutmayacaq, onları əbədi xatirə kimi qəlbində yaşadacaq.
Şəhidin valideynləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı olduqlarını bildirərək, Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.