Sentyabrın 14-də Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2024/2025-ci tədris ili üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olunmuş rayon məktəblərinin məzunları ilə görüş keçirilib
16 sentyabr 2024 | 10:14
Görüşdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, VI çağırış Milli Məclisin deputatı Sevinc Fətəliyeva, Rayon Prokuroru Rəşid Mahmudov, Rayon Polis İdarəsinin rəisi Şəhriyar Şəmşirli, Rayon Məhkəməsinin sədri Rasim Kazımov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon İdarəsi rəisinin vəzifəsinin müvəqqəti icraçısı Səbuhi Qarayev, rayonun məktəb direktorları, qəbul imtahanlarında yüksək nəticə göstərmiş məzunlar, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
İlk öncə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin Suraxanı rayonunda adını daşıyan parkda ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.
Daha sonra Rayon İcra Hakimiyyətinin akt zalında davam edən tədbir açıq elan edilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev tədbiri giriş sözü ilə açaraq bütün məzunları #təbrik edib və bildirib ki, ölkəmizdə təhsilin inkişafına göstərilən böyük dövlət qayğısı, ölkə başçımız cənab İlham Əliyevin rəhbərliyi ilə icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin meydana çıxmasını, yüksək nəticələrin qazanılmasını şərtləndirir, bu sahədə əldə olunan uğurlar, qazanılan nailiyyətlər günbəgün artır. Hər il rayon üzrə 600-dən çox bal toplayaraq ali məktəblərə qəbul olan məzunların sayının artması dövlətimiz tərəfindən təhsilə göstərilən diqqətin bariz nümunəsidir.
Adil Əliyev qeyd edib ki, ötən tədris ilində Suraxanı rayonu üzrə ümumtəhsil məktəblərini bitirən 2800 şagirdin 1677 nəfəri ali məktəblərə qəbul olunub. Onlardan 130 nəfəri 600-dən çox bal toplayıb.
Həmçinin, Vətən müharibəsi şəhidi Əsgərov Rüfət Mürvət oğlunun övladı Xansuvar Əsgərli Azərbaycan Memarlıq və İnşaat Universitetinə, şəhid Səmidli Babək Mətləb oğlunun övladı Mətləb Samidli isə Xəzər Universitetinə qəbul olunublar.
Tədbirdə çıxış edən VI çağırış Milli Məclisin deputatı Sevinc Fətəliyeva da tələbə adını qazanan bütün məzunları təbrik edərək onlara uğurlar arzulayıb. O, diqqətə çatdırıb ki, ölkə başçımız cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar gəncləri yüksək təhsil almağa və gələcəkdə dövlətimizə və xalqımıza layiqli xidmət göstərməyə ruhlandırır.
Tədbirdə 146 nömrəli tam orta məktəbin direktoru Qasım Qasımov, şəhid Səmidli Babək Mətləb oğlunun övladı Mətləb Samidli, qəbul imtahanlarında 685 bal toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültəsinə qəbul olunan 118 nömrəli tam orta məktəbin məzunu Məmmədli Fatimə Faiq qızı, 679 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsinə qəbul olunan 114 nömrəli tam orta məktəbin məzunu Qasımov Məhəmməd Fuad oğlu da çıxış ediblər.
Qəbul imtahanlarında 691 bal toplayaraq Bakı Ali Neft Məktəbinə qəbul olunan 146 №-li tam orta məktəbin məzunu Qasımova Fatimə Elxan qızı rayon üzrə ən yüksək nəticəni qazandığından elə həmin məktəbin birinciləri məzunlarla birgə səhnəyə çıxaraq onları təbrik ediblər.
Çıxışlardan və təbriklərdən sonra məzunlar ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr əldə etdiklərinə görə, eləcə də 79 saylı tam orta məktəbin direktoru Hacızadə Sevinc Hacı qızı, 316 saylı tam orta məktəbin direktoru Əkbərova Gülnarə Fuad qızı və 65 saylı tam orta məktəbin direktoru Miriyev Arzu Hüseyn Ağa oğlu isə yubileyləri münasibətilə təhsildə səmərəli fəaliyyətlərinə görə Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları ilə təltif olunub, hədiyyələrlə mükafatlandırılıblar.
Sonda 3 saylı Uşaq Gənclər İnkişaf mərkəzininin və Gülarə Əliyeva adına 3 saylı uşaq incəsənət məktəbinin şagirdlərinin təqdimatından bədii hissə nümayiş olunub.