Sentyabrın 1-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov növbəti görüşünü Əmircan qəsəbəsinin sakinləri ilə keçirmişdir.
01 sentyabr 2022 | 16:23
N.Salamov adına 97 saylı tam orta məktəbin akt zalında 200 nəfərə yaxın sakinlə keçirilən səyyar görüşdə Rayon Prokuroru Rəşid Mahmudov, RİHB-nin müavinləri, şöbə müdirləri, Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi və bələdiyyə sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak etmişlər.
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanan səyyar görüşdə RİH başçısı Əziz Əzizov çıxış edərək Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qazandığımız Şanlı qələbə ilə Azərbaycan tarixində yeni mərhələnin başlandığını bildirmişdir. RİH başçısı işğaldan azad edilmiş ərazilərdə surətli və kompleks şəkildə aparılan abadlıq-quruculuq işlərinin, həyata keçirilən infrastruktur layihələrinin ölkə başçımızın qətiyyətinin və iradəsinin təcəssümü olduğunu diqqətə çatdırdı. Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycanın nəzarətinə keçməsindən, Ordumuz Laçın şəhərinə yerləşərək şəhərin mərkəzində Azərbaycanın üçrəngli dövlət bayrağının ucaldılmasından qürur duydyğunu qeyd edən Ə.Əzizov bildirdi ki, Laçın və Şuşanın işğalı ürəyimizdə böyük bir yara idisə, Şuşanın azad edilməsi Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Ordusunun yenilməzliyini, xalqımızın müzəffər xalq olduğunu, Laçının tam nəzarətimizə keçməsi isə Azərbaycanın öz əraziləri üzərində suveren hüquqlarından heç bir halda vaz keçməyəcəyini bütün dünyaya nümayiş etdirdi.
Daha sonra sakinlərin səsləndirdikləri müraciət və problemlər dinlənilmiş, qaldırılan məsələlər müzakirə olunmuş və araşdırılması üçün aidiyyəti üzrə RİH başçısı tərəfindən müvafiq göstərişlər verilmişdir.
Sakinlər göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.