Şəhidin anım günü Suraxanıda məzun olduğu məktəbdə qeyd edilib
20 oktyabr 2022 | 15:36
Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, “Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə", “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medallarına layiq görülən şəhid Kırxlarov Nazim Nadir oğlunun anım günü məzun olduğu 226 nömrəli tam orta məktəbdə qeyd edilib.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, şəhid ailələri, qazilərin iştirak etdikləri tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Məktəbin direktoru Arzu Məmmədova qonaqları salamladıqdan sonra məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər və mahnılar səsləndirilib.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Azərbaycan Silahlı Qüvvələrinin rəşadəti sayəsində tarixi Zəfərin qazanılması ilə nəticələnən 44 günlük Vətən müharibəsindən iki il ötdüyünü qeyd edən RİH başçısı Əziz Əzizov milli tariximizə qızıl hərflərlə əbədi həkk olunan möhtəşəm qalibiyyəti xalqımıza yaşadan əsgər və zabitlərimizlə qürur duyduğunu bildirib. Azərbaycanın suverenliyi və xoşbəxt gələcəyi yolunda yüksək fədakarlıq və şücaət göstərən Nazim kimi qəhrəman oğulların əziz xatirəsinin qəlbimizdə daim yaşayacağını və böyük ehtiramla anılacağını bildirən Ə.Əzizov əzəli torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda canından keçən şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyib.
Xalqımızın qəhrəmanlıq salnaməsini yazaraq müasir gənclik üçün ən parlaq vətənpərvərlik nümunələrini ortaya qoyan şəhidlərimizin adlarının əbədiləşdirilməsinin dövlətin daim diqqət mərkəzində olduğunu deyən rayon rəhbəri Suraxanı rayonunda şəhid məzunların məktəblilərə və gənclərə tanıdılması və onların göstərdikləri şücaətlərin təbliğ edilməsi istiqamətində görülən işlərdən söhbət açıb. Nazimin uğrunda şəhid olduğu doğma Qarabağın gündən-günə dirçəldiyini vurğulayan RİH başçısı bu gün bütün şəhidlərimizin ruhunun şad olduğunu söyləyib.
Tədbirdə iştirak edən YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Şəhid atası Əlixan Əliyev də çıxış edərək şəhid ailələrinə həm dövlətimizin, həm də cəmiyyətin xüsusi diqqət və qayğısı olduğunu vurğulayıblar.
Tədbir Bəhiyyə Nağıyevanın ifasında şer kompozisiyası ilə yekunlaşıb.