Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidimiz Vaqif Mərdanovun doğum günü qeyd edilib

11 oktyabr 2022 | 16:35
Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan, “Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", “Cəsur Döyüşçü“ medallarına layiq görülən şəhid Mərdanov Vaqif Ədalət oğlunun doğum günü qeyd olunub.
İlk öncə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri tərəfindən Şəhidin Hövsan qəsəbəsindəki Şəhidlər Xiyabanında məzarı ziyarət edilib, önünə gül dəstələri düzülərək dualar oxunub.
Şəhidimiz Vaqif Mərdanovun xatirəsini əbədiləşdirmək məqsədilə inşa olunmuş abidə-bulaq kompleksinin qarşısında baş tutan tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra şəhidin məzunu olduğu 118 nömrəli tam orta məktəbin direktoru Nizaməddin Ağcayev və şəhidin müəllimi Mətanət Qarayeva çıxış edərək şəhid Vaqif Mərdanovun 19 illik qısa, şərəfli həyat yolundan bəhs edib, xatirələrini dilə gətiriblər. Məktəbin şagirdləri tərəfindən şəhidlərə və qələbəyə həsr olunan şeirlər səsləndirilib.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək bildirib ki, 2020-ci il ölkəmiz üçün Qələbə ili kimi tarixə düşdü. 30 ilə yaxın işğal altında qalan torpaqlarımız Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, xalqımızın birliyi və müzəffər Ordumuzun peşəkarlığı sayəsində azad olundu. Qəhrəman gənclərimizin Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onların hər biri orden və medallarla təltif edilib, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunub.
Şəhidin atası Ədalət Mərdanov dövlət tərəfindən Şəhid ailələrinə göstərilən diqqət və qayğını hər zaman hiss etdiklərini, buna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirib.
YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov və qəsəbə ağsaqqalı Mirzəvərağa Almasov çıxışlarında cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü, qətiyyətli siyasəti, Silahlı Qüvvələrimizin daim artan gücü və qüdrəti sayəsində torpaqlarımızın azadlığı uğrunda canını fəda edən oğulların ölməzliyini və əbədiliyini bir daha qeyd etmişlər.
Keçidlər