Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid olan hərbi qulluqçumuz 2003-cü il təvəllüdlü Balaşzadə Röyal Atduxan oğlunun il mərasimi keçirilib.

17 sentyabr 2023 | 09:22
Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan hərbi qulluqçumuz 2003-cü il təvəllüdlü Balaşzadə Röyal Atduxan oğlunun il mərasimi keçirilib.
Sentyabrın 17-də Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər.
İlk öncə şəhidin Bina qəsəbəsi Şəhidlər Xiyabanında məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb və ruhuna dualar oxunub.
Daha sonra Rayon İcra Hakimiyyəti tərəfindən açılan ehsan süfrəsində canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Şəhidin valideynləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı olduqlarını bildirərək, Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, 23 noyabr 2003-cü ildə Yardımlı rayonunun Anzov kəndində anadan olmuş Balaşzadə Röyal Atduxan oğlu ailədə üç qardaşdan sonuncusu idi. 2004-cü ildə ailəsi ilə birgə Bakıya köçən Röyal 2010-cu ildə yaşadığı Suraxanı rayonu Dədə Qorqud yaşayış sahəsində yerləşən 315 nömrəli tam orta məktəbin 1-ci sinfinə gedib, 2019-cu ildə həmin məktəbin 9-cu sinfini bitirərək, peşə məktəbinə daxil olub.
2022-ci ilin yanvar çağırışı zamanı SHÇDX-nin Yardımlı rayonu şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidməti yerinə yetirmək üçün hərbi xidmətə çağrılan Röyal Balaşzadə Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində ilkin təlimləri aldıqdan sonra Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) seçimlərinə daxil olur və xidmətini davam etdirmək üçün XTQ-nin "N" saylı hərbi hissəsinə göndərilir.
2022-ci il 14 sentyabr tarixində Kəlbəcər rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən odlu silahdan açılan güllə yarası nəticəsində Röyal şəhid olur. Şəhidin cənazəsi ailəsinin yaşadığı Dədə Qorqud yaşayış sahəsinə gətirilir, vida mərasimi keçirildikdən sonra atasının da dəfn olunduğu Xəzər rayonu, Binə qəsəbəsi Şəhidlər Xiyabanında dəfn olunur. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən şəhid Röyal Balaşzadə ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif olunub.
Balaşzadə Röyal Atduxan oğlunun timsalında Allahdan bütün şəhidlərimizə rəhmət, onların ailələrinə isə səbr diləyirik.
Keçidlər