Şəhid Fərid Hüseynzadəyə həsr olunan anım tədbiri keçirilib
15 oktyabr 2022 | 10:10
Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və "İgidliyə görə" medallarına layiq görülən şəhid Hüseynzadə Fərid Eldəniz oğlunun anım günü qeyd olunub.
İlk öncə Şəhidin dəfn olunduğu Bülbülə qəsəbəsindəki Şəhidlər Xiyabanında məzarı ziyarət edilib, ruhuna dualar oxunub.
RİH başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdikləri tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
79 nömrəli tam orta məktəbdə baş tutan tədbirdə məktəblilər tərəfindən Fərid Hüseynzadənin xatirəsinə həsr olunan və həyatından bəhs edən video-çarx nümayiş olunub, şəhidlərimizə, vətənə və qələbəyə həsr olunan şeirlər səsləndirilib.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov şəhidin ailəsinə başsağlığı verərək belə vətənpərvər, mərd, şücaətli oğul böyütdüyü üçün şəhidin valdeyinlərinə minnətdarlığını bildirib. Vətənimizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda qəhrəmanlıq göstərərək canlarını fəda edən igid oğullarımızın xatirəsinin hər zaman əziz tutulacağı və unudulmayacağını bildirən rayon rəhbəri, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Silahlı Qüvvələrinin minlərlə hərbi qulluqçusunun dövlətimizin başçısı tərəfindən orden və medallarla təltif edildiyini vurğulayıb. Ə.Əzizov Şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğının Suraxanı rayonunda da davam etdirildiyi diqqətə çatdırıb.
Tədbirdə Azərbaycan xalqının hər zaman mübariz oğul və qızlarının şücaətinin yüksək qiymətləndirildiyi, bütün şəhidlərimizin ruhuna ehtiram göstərildiyi, xatirəsinin uca tutulduğu vurğulanıb. Fərid Hüseynzadənin qısa, lakin şərəfli ömrünün gələcək nəsillərin vətənpərvər tərbiyəsində xüsusi əhəmiyyət daşıdığı qeyd edilib.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.