RİH başçısı növbəti dəfə 89 nömrəli tam orta məktəbdə Yeni Suraxanı qəsəbəsinin sakinləri ilə görüşüb
19 sentyabr 2023 | 15:17
Suraxanıda Rayon İcra hakimiyyəti başçısının müntəzəm olaraq yerlərdə əhali ilə keçirdiyi səyyar qəbul və görüşlər davam etdirilir.
RİH başçısı növbəti dəfə 89 nömrəli tam orta məktəbdə Yeni Suraxanı qəsəbəsinin sakinləri ilə görüşüb.
Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla təşkil olunmuş görüşündə Milli Məclisin deputatı Afət Həsənova, RİHB-nin müavinləri və şöbə müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri, xidmət təşkilatlarının rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
İlk öncə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
RİH başçısı Əziz Əzizov çıxış edərək bildirib ki, 44 günlük Vətən müharibəsində qəhrəman ordumuzun qazandığı Şanlı Zəfərdən sonra Ermənistanın imzaladığı kapitulyasiya aktında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünə yönəlik təhdidlər qalmaqda davam etmişdir. Son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olub. Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə bu gün lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.
Eyni zamanda, Milli Məclisin deputatı Afət Həsənova da çıxış edərək qeyd edib ki, bu günlərdə 11 nəfərin minaya düşməsi, 7 nəfər polis işçisinin, avtomobil yolları dövlət agentliyinin 2 əməkdaşının həlak olması, ərazilərimizin müntəzəm olaraq atəşə tutulması, insanlara və mülki obyektlərə ziyan vurulması göstərir ki, Ermənistan təcavüzkarlıq əməllərindən əl çəkmək istəmir. Belə olan halda Azərbaycan separatçıları zərərsizləşdirməyə məcburdur.
Daha sonra səyyar qəbulda iştirak edən sakinlərin müraciət, təklif və xahişləri dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin həlli ilə bağlı RİH başçısı tərəfindən müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.