RİH başçısı Əziz Əzizov növbəti dəfə oktyabrın 19-da 118 nömrəli tam orta məktəbdə Hövsan qəsəbəsinin sakinləri ilə görüşüb
19 oktyabr 2023 | 11:34
Suraxanıda RİH başçısının növbəti səyyar görüşü keçirilib
Suraxanıda Rayon İcra hakimiyyəti başçısının müntəzəm olaraq yerlərdə əhali ilə keçirdiyi səyyar qəbul və görüşlər davam etdirilir.
RİH başçısı Əziz Əzizov növbəti dəfə oktyabrın 19-da 118 nömrəli tam orta məktəbdə Hövsan qəsəbəsinin sakinləri ilə görüşüb.
Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla təşkil olunmuş görüşündə Milli Məclisin deputatı Sevinc Fətəliyeva, RİHB-nin müavinləri və şöbə müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri, xidmət təşkilatlarının rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
İlk öncə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
RİH başçısı Əziz Əzizov çıxış edərək rayon ərazisində aparılan abadlıq quruculuq işləri, həyata keçirilən infrasturuktur layihələri, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə məlumat verib. Eyni zamanda, Ə.Əzizov Ulu Öndər, Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı ölkə başçımız cənab İlham Əliyevin son günlərdə işğaldan azad edilmiş torpaqlara səfərlərindən, orada rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündən danışıb. O, bildirib ki, Ali Baş Komandan, Prezident cənab İlham Əliyev 30 il həsrətində qaldığımız torpaqları bizə qovuşdurması ilə adını tariximizə qızıl hərflərlə yazdırdı. Vətən müharibəsindəki Zəfər Qələbəmiz Azərbaycanı bir daha dünyaya tanıtdırdı. Böyük Qayıdış proqramı çərçivəsində bu gün neçə-neçə ailələr öz doğma yurd yuvasına qayıdır.
Həmçinin, Milli Məclisin deputatı Sevinc Fətəliyeva da çıxış edərək bildirib ki, ölkəmiz regionda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Erməni lobbisinin, anti-azərbaycançı mərkəzlərin yuvasına çevrilmiş Avropa Parlamenti dövlətimizin ərazilərini işğaldan azad etməsini, Qarabağ ərazisində öz suverenliyini təmin etməsini, separatizmin kökünü kəsməsini həzm edə bilmir. Lakin buna baxmayaraq Azərbaycan artıq suverenliyini tam bərpa edib. Bu gün Qarabağda Azərbaycan bayrağı dalğalanır.
Səyyar qəbulda iştirak edən sakinlərin müraciət, təklif və xahişləri dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin həlli ilə bağlı RİH başçısı tərəfindən müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.
Görüşdə iştirak edən sakinlər müraciətlərinə diqqətlə yanaşılmasından məmnunluqlarını bidirərək onlara yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.