Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov 2 nömrəli Uşaq Reabilitasiya Mərkəzini ziyarət edib
19 may 2023 | 17:00
Mayın 19-da Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Qaraçuxur qəsəbəsi, Yeni Günəşli “D” yaşayış sahəsində yerləşən 2 nömrəli Uşaq Reabilitasiya Mərkəzini ziyarət edib və sağlamlıq imkanları məhdud uşaqların tibbi, sosial, tədris-peşə reabilitasiyasının həyata keçirildiyi sözügedən Reabilitasiya Mərkəzinin xidmətləri ilə tanış olub.
Bildirilib ki, mərkəz müasir diaqnostika aparatları və avadanlıqları ilə təchiz edilib. Bunlara ən müasir rentgen aparatı, elektroensefaloqrafiya aparatı, elektrokardioqrafiya aparatı, elektromioqraf aparatı, ultrasəslə müayinə aparatı, spiroqraf, çoxlu sayda fizioterapevtik avadanlıqlar, müalicəvi vannalar, müxtəlif idman qurğuları və s. göstərmək olar.
Mərkəzin məqsədi tibbi, sosial, tədris-peşə reabilitasiya tədbirlərinin aparılması yolu ilə sağlamlıq imkanları məhdud uşaqların sosial stasunun bərpa edilməsini və onların cəmiyyətə inteqrasiyasını təmin etməkdir. Mərkəzin əsas vəzifə və funksiyaları sağlamlıq imkanları məhdud uşaqların tibbi, psixoloji, tədris-peşə diaqnostikasını təyin etmək, onların reabilitasiya potensialını təyin etmək, tibbi, sosial, tədris-peşə reabilitasiyasını həyata keçirmək, həmçinin, onların şəxsiyətinin korreksiyası məqsədi ilə kompleks psixoloji, pedaqoji tədbirlərin həyata keçirilməsidir.