"Qardaş Ölkələr" adlı foto və rəsm sərgisi keçirilib
01 noyabr 2022 | 12:10
Noyabrın 1-də Suraxanı Gənclər Evində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və Suraxanı Rayon İcra Hakimiyyəti, Suraxanı Gənclər Evi, Suraxanı Rayon Gənclər və İdman İdarəsi, Kuzey Kıbrıs Türk Cumhuriyyəti Bakı Nümayəndəliyi, layihələr üzrə rəhbərlər Elnurə və Aygün İsgəndərovaların birgə təşkilatçılığı ilə 44 Günlük Qarabağ Zəfərinə həsr olunmuş Kuzey Kıbrıs Türk Cumhuriyyətinin Bakı nümayəndəliyinin təhsil və mədəniyyət ataşesi tanınmış fotoqraf Tevfik Ulualın və Suraxanı gənclərinin "Qardaş Ölkələr" adlı foto və rəsm sərgisi keçirilib.
Sərgidə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Cahid Bağçı, Suraxanı RİHB-nin müavinləri və şöbə müdirləri, Kuzey Kıbrıs Türk Cümhuriyətinin Bakı təmsilçisi Ufuk Turguner, Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Bakı təmsilçiliyinin mədəniyyət və təhsil ateşesi Tevfik Ulual, sərginin layihə rəhbərləri Elnurə İsgəndərova, xalq rəssamı Arif Hüseynov, şəhid Muxtar Qasımlının valideyinləri və digər qonaqlar iştirak edib.
Azərbaycan və Türkiyə Respublikalarının Dövlət Himnlərinin səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü ilə açıq elan edən, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov 44 günlük Qarabağ Zəfər Qələbəsinə aid edilən 44 ədəd əsərdən ibarət sərgini yüksək qiymətləndirib. O, tarix boyu Türkiyə və Azərbaycan dövlətləri arasındakı sarsılmaz dostluq və qardaşlıq münasibətlərindən danışıb. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin "Bir millət, iki dövlət" fəlsəfəsi üzərində qurulan Azərbaycan-Türkiyə münasibətlərinin ötən hər gün daha da inkişaf etdiyini və dərinləşdiyini vurğulayıb.
Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Cahid Bağçı çıxışında iki qardaş ölkə arasındakı münasibətlərin uğurla inkişaf etdiyini bildirərək, bu inkişafın bütün sahələri əhatə etdiyini və əməkdaşlığın çox gözəl nəticələr verdiyi qeyd edib. 44 günlük Zəfər Qələbəsindən danışan C.Bağçı bu qələbənin Azərbaycanda olduğu qədər Türkiyədə də çox yüksək coşqu ilə qarşılandığını, torpaqların geri qaytarılmasının insanların sevinc göz yaşına səbəb olmasını bildirib.
Digər qonaqların çıxışlarından sonra Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdlərinin təqdimatında bədii hissə nümayiş olunub və qonaqlar sərgi ilə tanış olublar.