Qaraçuxur qəsəbəsində növbəti səyyar-görüş qəbul keçirildi
02 mart 2023 | 09:47
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin operativ həlli ilə bağlı göstərişlərinə uyğun olaraq martın 2-də Suraxanı Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar-görüş qəbulu Qaraçuxur qəsəbəsinin sakinləri ilə keçirilib.
C.Rəhimov adına 146 nömrəli tam orta məktəbdə keçirilən qəbulda RİH başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, RİHB-nin müavinləri və şöbə müdirləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, şəhid ailələri və qəsəbə sakinləri iştirak ediblər.
İştirakçılar əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və şəhidlərin, eləcə də qardaş ölkə Türkiyədə baş vermiş zəlzələdə həlak olanların əziz xatirəsini ehtiramla yad ediblər.
RİH başçısı Əziz Əzizov çıxışında bu gün Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünün keçirildiyini diqqətə çatdırıb. O, ölkə başçımız cənab İlham Əliyevin həmin görüşdə çıxışı ilə bağlı məlumat verərək Qoşulmama Hərəkatına üzv dövlətlərin yekdil rəyinə əsasən, ölkəmizin təşkilata sədrliyinin daha bir il, yəni 2023-cü ilin sonuna kimi uzadıldığını bildirib. Həmçinin, qeyd edib ki, bu gün Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü bir daha onu göstərir ki, Azərbaycan təşkilatın fəaliyyətinə mühüm töhfələr verir.
Milli Məclisin deputatı Etibar Əliyev də çıxış edərək dövlət başçısı cənab İlham Əliyevin son zamanlar əhalinin rifah halının yaxşılaşdırılması ilə əlaqədar imzaladığı Fərman və sərəncamların əhəmiyyəti barədə danışıb, onun həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizdə hökm sürən sabitliyin sosial-iqtisadi inkişafın əsasını təşkil etdiyini vurğulayıb.
Daha sonra ayrı-ayrı sahələrə dair qəsəbə sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər qeydə alınaraq rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə həlli istiqamətində lazimi tapşırıqlar verilib.
Qəsəbə sakinləri çıxış edərək rayon icra başçısının qəsəbələrdə səyyar görüşlərinin keçirilməsinin çox böyük əhəmiyyət daşıdığını, əhali tərəfindən irəli sürülən təkliflərin reallaşmasında və problemlərin həll olunmasında müstəsna kömək etdiyini söyləyib və göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.