Qarabağ müharibəsi şəhidi Cavanşir Rəhimovun anadan olmasının 50 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
05 iyun 2023 | 14:00
Suraxanı rayonunda Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Cavanşir Rəhimovun anadan olmasının 50 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, şəhid ailələri, qazilər, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbir iştirakçıları ilk öncə Milli Qəhrəman, Qarabağ müharibəsi şəhidi Cavanşir Rəhimovun Qaraçuxur qəsəbəsi, Neftçilər parkında yerləşən büstünü ziyarət edib, önünə gül dəstələri düzüblər.
Daha sonra Suraxanı Rayon Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Ümummilli Liderimiz, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Azərbaycanın ən gənc Milli Qəhrəmanı olan Cavanşir Rəhimovun göstərdiyi şücaətlə bağlı məlumatlar diqqətə çatdırıldıqdan sonra onun həyat və döyüş yoluna həsr olunmuş Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Səlnamə studiyası tərəfindən 2013-cu ildə lentə alınan, rejissoru və ssenari müəllifi Kəmalə Musazadə olan “Cavanşir” sənədli filmi nümayiş olunub.
Tədbirdə Milli Qəhrəman Cavanşir Rəhimovun adını daşıyan 146 saylı tam orta məktəbin şagirdlərinin təqdimatından sonra RİH başçısı Əziz Əzizov çıxışında qeyd edib ki, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, Vətən torpaqlarının erməni işğalçılarından müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq şəxsi igidliyə, şücaətə və xidməti borclarının yerinə yetirilməsində göstərdikləri misilsiz xidmətlərə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Vətən övladları heç vaxt unudulmur, xatirələri xalqımız və dövlətimiz tərəfindən daima əziz tutulur.
Həmçinin, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Müdafiə Nazirliyinin əməkdaşı Amil Rəhimli, Rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Eldar Rüstəmov, Respublikanın əməkdar artisti, ADMİU-nin dosenti, Rayon Ağsaqqallar Şurasının sədr müavini Ağalar Bayramov çıxış edərək bildiriblər ki, məhz Milli Qəhrəmanlarımızın şərəfli həyat yolu, igidliyi, mərdliyi, şücaəti, qəhrəmanlığı Azərbaycan gəncliyi üçün böyük örnək və stimuldu.
Sonda qəhrəmanımızın anası Lalə xanım çıxış edərək dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıb, dərin minnətdarlığını bildirib.