Oktyabrın 4-də Suraxanıda Beynəlxalq Müəllimlər Günü qeyd edilib
04 oktyabr 2024 | 15:34
Oktyabrın 4-də Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 5 oktyabr - Beynəlxalq Müəllimlər gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, RİHB-nin müavinləri, şöbə müdirləri, rayon ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider, Ulu Öndər Heydər Əliyevin Suraxanı rayonunda adını daşıyan parkda ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.
Daha sonra Suraxanı Rayon İcra Hakimiyyətinin konfrans zalında keçirilən tədbirdə xalqımızın Ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və 5 oktyabr – Beynəlxalq Müəllimlər gününə həsr olunmuş video-çarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Adil Əliyev Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçilərini təbrik edib, onlara xoş arzularını çatdırıb.
Adil Əliyev qeyd edib ki, Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş inkişaf strategiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük qətiyyət və uğurla davam etdirilir. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, dövlət başçımızın bu sahəyə olan böyük diqqətinin bariz nümunəsidir. Respublikamızın hər yerində olduğu kimi, Suraxanı rayonunda da təhsilin yüksək səviyyədə inkişaf etməsi, Heydər Əliyev Fondu tərəfindən yeni məktəb və bağçaların inşası və əsaslı şəkildə təmir olunması, maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülüb və görülməkdədir.
Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova çıxış edərək bildirib ki, Suraxanı rayonunda fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin yüksək peşəkarlığı nəticəsində hər il rayonumuzun Bakı şəhəri üzrə təhsil göstəriciləri ən yüksək pillələrdə olur. O, həmçinin, rayonda fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin ideoloji maarifləndirmə işlərinin təşkilində fəaliyyətlərini yüksək qiymətləndirdiyini diqqətə çatdırıb.
285 saylı tam orta məktəbin direktoru Nuranə Yəhyayeva da çıxış edərək müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan məqsədyönlü addımların bu sahədə çalışanlara göstərilən yüksək dövlət qayğısının əyani təzahürü olduğunu, yaradılan bu şəraitə görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.
Sonra Beynəlxalq Müəllimlər Günü münasibətilə rayonda fəaliyyət göstərən bir qrup təhsil işçisi rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanları ilə təltif ediliblər.