Oktyabrın 31-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ölkəmizdə elan olunmuş “Heydər Əliyev İli” çərçivəsində Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Tarix yazan əbədiyaşar lider” mövzusunda konfrans keçirilib
31 oktyabr 2023 | 09:18
Oktyabrın 31-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ölkəmizdə elan olunmuş “Heydər Əliyev İli” çərçivəsində Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Tarix yazan əbədiyaşar lider” mövzusunda konfrans keçirilib.
Ulu Öndərin əbədiyaşar xatirəsinə həsr olunmuş konfransda Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Rayon Polis İdarəsinin rəisi Şəhriyar Şəmşirli, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı Rayon İdarəsinin rəisi Rauf Məmmədov, Rayon Məhkəməsinin sədri Rasim Kazımov, RİHB-nin müavinləri və şöbə müdirləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfrans iştirakçıları tərəfindən ilk öncə Əmircan qəsəbəsi, Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.
Daha sonra Rayon İcra Hakimiyyətinin konfrans zalında davam edən tədbirdə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək qonaqları salamlayıb, Ulu Öndərin mənalı həyatı və misilsiz xidmətlərindən danışaraq qeyd edib ki, istər sovet dövründə respublikaya rəhbərlik etdiyi, istərsə də müstəqillik illərində ömrünü öz xalqına həsr edən Heydər Əliyev Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq. Məhz onun müdrik siyasəti nəticəsində Azərbaycan qısa zamanda regionun lider dövlətinə çevrilib, Ulu Öndərin torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində düşünülmüş addımları öz bəhrəsini verib. Ə.Əzizov bildirib ki, Ulu Öndərin uca zirvəyə qaldırdığı Azərbaycan və Azərbaycançılıq məfkurəsi bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbəriliyi altında uğurla inkişaf etdirilir.
Ulu Öndərin həyat və fəaliyyətini özündə əks etdirən video çarxın nümayişindən sonra YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov çıxış edərək bildirib ki, bəşər tarixində nadir insanlar var ki, onların həyat və fəaliyyəti bütün millətin, xalqın, dövlətin taleyini həll etmiş olsun. Heydər Əliyev də tarixdə məhz belə bir şəxsiyyət kimi həkk olunub. Vahid, bölünməz Azərbaycanın qorunması və möhkəmləndirilməsi xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Mahmudova, “Əlil qadınlar” Cəmiyyətinin rayon şöbəsinin sədri Rəsmiyyə Səfərova, 114 saylı tam orta məktəbin tarix müəllimi Rza Eyvazlı, RİHB-nin Əmircan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi, şəhid atası Əlixan Əliyev çıxış edərək Ulu Öndərin Azərbaycan elminin, mədəniyyətinin inkişafına, tarixi-mədəni və milli-mənəvi dəyərlərimizin qorunmasına, ordu quruculuğu sahəsinə verdiyi töhfələrdən bəhs ediblər.