Oktyabrın 23-də Vətən müharibəsi şəhidi Mürsəl Kazımlının anım günü qeyd edilib
23 oktyabr 2023 | 09:00
Oktyabrın 23-də Vətən müharibəsi şəhidi Mürsəl Kazımlının anım günü qeyd edilib
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medallarına layiq görülən şəhid Kazımlı Mürsəl Kamil oğlunun anım günü qeyd olunub.
Anım günü münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, şəhid ailələri və qazilər, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri, şəhidin məzun olduğu 278 saylı tam orta məktəblərin kollektivi Zığ qəsəbəsi, Dədə Qorqud qəbiristanlığındakı Şəhidlər Xiyabanında məzarını və Yeni Günəşli yaşayış sahəsində abidə-bulaq kompleksini ziyarət edib. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsi yad edilib, ruhlarına dualar oxunub.
Anım günündə çıxış edən RİH başçısı qeyd edib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini şəhid ailələrinin və qazilərin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Suraxanı rayonunda da vətən uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə dövlətimizin rəhbərliyi, eləcə də Rayon İcra Hakimiyyəti tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərilir, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir, şəhid ailələri və qazilər evlərində ziyarət olunur.