Oktyabrın 14-də şəhid mayor Rüfət Əsgərovun anım günü qeyd olunub
14 oktyabr 2023 | 10:45
Oktyabrın 14-də Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan, 3-cü dərəcəli "Rəşadət" ordeni, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, Suqovuşanın azad olunmasına görə" medallarına layiq görülən şəhid mayor Rüfət Əsgərovun anım günü qeyd olunub.
Suraxanı Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizov, Xətai Rayon İcra Hakimiyyəti başçısı Rafiq Quluyev, Milli Məclisin deputatı Etibar Əliyev, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, şəhidin ailə üzvləri və rayon ictimaiyyəti tərəfindən şəhid mayor Rüfət Əsgərovun II Fəxri Xiyabandakı məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb və ruhuna dualar oxunub. Eyni zamanda canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Rüfət Əsgərovun ailəsinə başsağlığı verən RİH başçısı Ə.Əzizov Vətənimiz üçün ləyaqətli övlad böyütdüyünə görə şəhidin valideynlərinə təşəkkür edib və onlara səbr diləyib. O, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açıb. Prezident-ordu-xalq vəhdətinin, birliyinin, həmrəyliyinin nəticəsi olaraq torpaqlarımızın düşməndən azad edildiyi, haqq-ədalətin bərpa olunduğu, Şanlı Zəfər gününün tariximizə şəhidlərimizin qanı ilə yazıldığını bildirib. Üçrəngli bayrağımızın respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalandığı vurğulayıb.
Vətən uğrunda ən şirin nemət olan canını fəda etməklə ən uca zirvəyə yüksələn Rüfətin və onun kimi yüzlərlə mərd və cəsarətli oğulların xatirəsinin qədirbilən xalqımız tərəfindən unudulmayacağını söyləyən Ə.Əzizov şəhid və qazi ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan, yaralanmış müharibə iştirakçılarının reabilitasiyası və onların sosial məsələlərinin həlli istiqamətində görülmüş işlərdən bəhs edib, Suraxanı rayonunda da hər bir şəhid ailəsinin və müharibə iştirakçısının probleminə həssaslıqla yanaşıldığını söyləyib.