Oktyabr ayının 24-də Suraxanıda RİH başçısının növbəti səyyar görüşü keçirilib
24 oktyabr 2024 | 17:09
Oktyabrın 24-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev 208 saylı tam orta məktəbdə Bülbülə qəsəbəsinin sakinləri ilə görüşüb. Görüşdə Milli Məclisin deputatı Afət Həsənova da iştirak edib.
Görüş zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev ölkəmizin bütün bölgələrində, o cümlədən, Suraxanı rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyi ilə bütün sahələrdə əldə olunmuş nailiyyətlərdən, görülmüş abadlıq-quruculuq işlərindən danışıb və bütün bunların vətəndaşlarımızın layiqli və rahat həyat şəraitinin təmin olunması istiqamətində ölkə rəhbərliyinin müəyyən etdiyi əsas hədəflərdən biri olduğunu qeyd edib.
Həmçinin, Milli Məclisin deputatı Afət Həsənova qaldırılan bir sıra məsələlərə aydınlıq gətirərək qeyd edib ki, mövcud problemlərin həlliylə bağlı müvafiq dövlət qurumları tərəfindən lazimi tədbirlər görülür. Həmçinin, mərkəzi icra hakimiyyəti orqanları qarşısında, Milli Məclis və Milli Məclisin Komitə iclaslarında məsələlər müzakirəyə çıxarılır.
Qəbulda iştirak edən sakinlər su və kanalizasiya xətlərinin yenilənməsi, həyətlərin abadlaşdırılması, məhəllədaxili küçələrin asfaltlanması və digər sosial problemlərlə bağlı müraciət ediblər. RİH başçısı tərəfindən sakinlərin problemləri dinlənilərək həlli istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.
Qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.