Noyabrın 6-da Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Suraxanı rayon Heydər Əliyev Mərkəzində 8 noyabr – Zəfər Günü münasibəti ilə təşkil olunan “Zəfər salnaməmiz” adlı tədbirdə iştirak edib.
06 noyabr 2024 | 13:56
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Zəfər tarixindən bəhs edən videoçarx nümayiş olunub.
Suraxanı rayon Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Mahmudova tədbir iştirakçılarını salamlayıb və 8 noyabr – Zəfər günü münasibətilə hər kəsi təbrik edib. O, bildirib ki, Qarabağ Zəfəri Azərbaycan xalqının sarsılmaz birliyini, yenilməz gücünü və dəmir iradəsini bütün dünyaya nümayiş etdirdi.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək çoxəsrlik tariximizin şərəfli səhifələrindən olan Şanlı Zəfəri xalqımıza bəxş edən və şəhidlik zirvələri ilə gələcək nəsillərə örnək olan şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edib. RİH başçısı qeyd edib ki, Tarixi Zəfərin qazanılması ilə Ulu Öndərin xalqımıza miras qoyduğu müstəqil və müasir Azərbaycan dövlətinin ərazi bütövlüyü təmin olundu və tarixi ədalət bərpa edildi. Qarabağ Zəfəri Azərbaycan xalqının sarsılmaz birliyini, yenilməz gücünü və dəmir iradəsini bütün dünyaya nümayiş etdirdi. O, bildirib ki, bundan sonra Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz qalib xalq kimi əbədi yaşayacaq.
Tədbirdə Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın müəllimi Almas Abbasovanın çıxışından sonra 3 nömrəli Uşaq və Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin ifasında Vətən müharibəsinin parlaq səhifələrindən, həmin günün Azərbaycan xalqının iftixar və qürur gününə çevrilməsindən bəhs edən bədii kompozisiya səsləndirilib. Azərbaycanın Milli Qəhrəmanı Cavanşir Rəhimov adına 146 nömrəli tam orta məktəbin müəllim və şagirdlərinin ifasında “Zəfər nəğməsi” mahnısı səsləndirilib, rəqs nümayiş olunub.