Noyabrın 4-də Suraxanı rayon Gənclər evində Zəfər Günü münasibətilə tədbirlər təşkil olunub
04 noyabr 2023 | 15:13
Tariximizin ən parlaq səhifəsi, Azərbaycan xalqının iftixar və qürur mənbəyi olan 8 Noyabr - Zəfər Günü ilə bağlı Suraxanı rayonunda silsilə tədbirlər keçirilir.
Noyabrın 4-də Suraxanı rayon Gənclər evində Zəfər Günü münasibətilə tədbirlər təşkil olunub.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatları Sevinc Fətəliyeva, Aydın Mirzəzadə, şəhid ailələri, qazilər, RİHB-nin şöbə müdirləri, rayonun idarə rəhbərləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Gənclər evinin direktoru Natavan Rüstəmova qonaqları salamladıqdan sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək bildirib ki, 8 noyabr – Zəfər günü tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Zəfər qazandığımız 44 günlük Vətən müharibəsinin və lokal antiterror əməliyyatlarının reallıqları, böyük Qələbəmizin əsasında duran xalq-dövlət-ordu birliyi amili, xalqımızın Vətən torpaqlarının azad edilməsi naminə “Dəmir yumruq” kimi birləşdiyi gerçəkliklər gənclərimiz tərəfindən öyrənilməli və gələcək nəsillərə ötürülməlidir.
Həmçinin, Milli Məclisin deputatları Sevinc Fətəliyeva, Aydın Mirzəzadə, Əmircan qəsəbə nümayəndəsi, Şəhid atası Əlixan Əliyev çıxış edərək vətənimizin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin xalqımız tərəfindən daim əziz tutulacağından, dövlətimiz tərəfindən şəhid ailələri, müharibə əlilləri və hərbi qulluqçulara göstərilən diqqət və qayğıdan danışıblar.
Daha sonra tədbir gənclərin təqdimatında musiqi proqramı ilə davam etdirilib.